Ərəb ölkələrinin nazirləri Suriya ilə münasibətləri müzakirə ediblər
Bakı, 15 aprel, AZƏRTAC
Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən xüsusi iclasda iştirak edən ərəb ölkələrinin xarici işlər nazirləri bildiriblər ki, Suriya böhranına son qoymağın yeganə yolu siyasi dialoqdur.
AZƏRTAC “Əl Ərəbiyə” telekanalının saytına istinadla xəbər verir ki, Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) xarici işlər nazirləri, habelə Misir, İordaniya və İraqın xarici siyasət idarələrinin rəhbərləri arasında görüş Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhanın dəvəti ilə keçirilib.
Səudiyyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir: “Nazirlər Suriyanın birliyini, təhlükəsizliyini, sabitliyini və ərəb kimliyini qoruyan, həmçinin bu ölkəni yenidən ərəb aləminə qaytaran siyasi həllə nail olmaq üçün səyləri müzakirə ediblər”.
Görüş zamanı rəsmilər Suriyadakı humanitar böhranın həlli və bu ölkənin daxilində zərər çəkmiş bölgələrə yardımların çatdırılmasının təmin edilməsinin vacibliyini də dilə gətiriblər. Onlar vurğulayıblar ki, köçkün vətəndaşların və qaçqınların öz ərazilərinə qayıtmasına yol açmaq və onların əzablarına son qoymaq üçün şərtləri yaxşılaşdırmaq vacib məsələlərdən biridir.
Nazirlər həmçinin terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin vacibliyini bir daha təsdiqləyib və qeyd ediblər ki, dövlət qurumları silahlı milislərin mövcudluğuna və ölkənin daxili işlərinə xarici müdaxilələrə son qoymaq üçün Suriyanın suverenliyini qorumaq rolunu yerinə yetirməlidir. “Suriya böhranının yeganə həlli siyasi dialoqdur. Böhrana son qoymağa yönəlmiş bu səylərdə ərəb ölkələrinin aparıcı rolunun olması vacibdir”, - deyə bəyanatda bildirilir.
Son bir neçə ayda ərəb ölkələri rəsmilərinin 2011-ci ildə Suriya müharibəsi başlayandan bəri təcrid olunmuş prezident Bəşər Əsədlə əlaqələri artır. Son 12 ildən bəri bu ölkənin xarici işlər naziri Faysal Mekdad ilk dəfə Ciddəyə səfər edib. Bəşər Əsəd isə bu il BƏƏ və Omana səfər edib və ötən ay Səudiyyə Ərəbistanı Dəməşqlə konsulluq xidmətlərinin bərpası ilə bağlı danışıqlara başladığını bildirib.