DÜNYA
Erməni artistləri hakimiyyəti kəskin tənqid edirlər
Bakı, 15 oktyabr (AZƏRTAC). Tanınmış artist Sergey Danilyanın Ermənistan hökumətinin siyasətini tənqid etməsi mətbuatın müzakirə mövzusuna çevrilmişdir.
“Armenia to day” saytına müsahibə verən artist demişdir ki, hökumət xalqı dolandıra bilmir, insanların sosial vəziyyəti acınacaqlıdır, səfalət baş alıb gedir, ermənilər bir tikə çörək tapmaq üçün kütləvi şəkildə Ermənistanı tərk edərək başqa ölkələrə üz tuturlar. Belə bir vəziyyətdə hakimiyyətin siyasi ambisiyalarla çıxış edərək dünyaya “erməni soyqırımını” tanıtmağa çalışması gülünc görünür.
Jurnalistin seçkilərdə iştirak edirsinizmi? sualına “yox” cavabı verən S. Danilyan demişdir ki, onsuzda səsvermənin nəticələri xalqın iradəsindən asılı olmur. “Kimi istəyirlər seçirlər, kimi istəmirlər seçmirlər”.
S. Danelyan demişdir ki, əvvəlcə Ermənistanın özündə qayda-qanun yaratmaq və vətəndaşları çörəklə təmin etmək lazımdır.
Artist həmkarı və Ermənistanın İsveçrədəki səfiri, müğənni Şarl Azanavurun fikirlərinə şərik çıxdığını da bildirmişdir.
Ş. Aznavur da Ermənistan hökumətini tənqid edərək demişdir ki, xalqı səfalət vəziyyətində yaşayan bir ölkənin hakimiyyətinin böyük siyasi proseslərdən danışması yersizdir. Ş. Aznavur Ermənistan iqtisadiyyatının düzəlməsi üçün qonşuları ilə əlaqələrinin yaxşılaşdırılmasının vacibliyini qeyd etmişdir.
O bildirmişdir ki, xaricdə yaşayan diasporun maliyyə yardımları ilə dövlət qurmaq olmaz. Bu yardımlar da dünyada baş verən qlobal iqtisadi böhrana görə ildə-ilə azalmaqdadır. Dolayısı ilə səfir-müğənni hökuməti işğalçılıqdan və qonşularına qarşı ərazi iddialarından əl çəkməyə çağırmışdır.