Erməni jurnalisti ölkəsində məmurların korrupsiyaya qurşandığını yazır
Paris, 16 yanvar (AZƏRTAC). Ermənistanda məmurların əksəriyyətinin korrupsiyaya qurşandığı artıq sirr deyil və onsuz da iqtisadiyyatı iflic vəziyyətinə düşən ölkəni sürətlə uçuruma sürükləməkdədir. Hətta iş o yerə çatmışdır ki, daha çox sərvət toplamaq ehtirası məmurları qorxu-hürkü bilmədən dövlətin uşaqlara ayırdığı yardıma əl uzatmalarına gətirib çıxarmışdır.
ArmeniaNov. com xəbərlər agentliyinin müxbiri Kayane Abramyan Parisdə güclü erməni lobbisinin vəsaiti hesabına nəşr olunan “Ermənistan xəbərləri” jurnalının cari ilin 12 yanvar tarixli nömrəsində dərc etdirdiyi “Korrupsiya yetimxanaların vəziyyətinə cavabdehdirmi?” sərlövhəli məqaləsinin başlığı artıq ilk andan oxucuda Ermənistanda korrupsiyanın dərin kök salması haqda fikir formalaşdırır. Məqalənin Ermənistanın korrupsiya çirkabında boğulduğunu, ölkədəki özbaşınalıqdan istifadə edən dövlət məmurlarının daha çox korrupsiyaya qurşandıqlarını yazır.
Yazının əvvəlində qeyd olunur ki, altı il əvvəl Ermənistan rəhbərliyi ölkənin iqtisadi yüksəlişinə nail olmaqla yoxsulluğun son həddində yaşayan ailələrin sosial vəziyyətini yaxşılaşdıracaqlarını, dolanışığın ağır olması səbəbindən uşaq evlərinə verilən uşaqların öz ailələrinə qayıtmalarının təmin edəcəklərini vəd etmişdilər. Amma verilən vədlər elə vədliyində qalmış, bu sahədə hər hansı bir dəyişiklik əldə olunmamışdır.
UNİSEF-in məlumatına istinad edən müəllif Ermənistanda fəaliyyət göstərən 10 uşaq evində yaşayan 4900 uşağın 80 faizinin ailəsinin yoxsulluğun son həddində yaşadıqlarından uşaq evlərində dövlət himayəsinə verdikləri övladlarını geri götürə bilmədiyini diqqətə çəkmişdir. Məqalədə UNİSEF-in xahişi ilə Ermənistan hökuməti yoxsulluğun son həddində yaşayan çoxuşaqlı ailələrə və onların uşaqlarına yardım məqsədi ilə xüsusi proqram hazırlamasından altı il keçməsinə baxmayaraq, bu sahədə nəinki bir irəliləyiş əldə edilmiş, əksinə daha acınacaqlı vəziyyət yarandığı, maliyyə yardımının göstərilməməsi, məmurların bu məsələyə soyuq münasibətləri proqramın reallaşmasına mane olduğu yer almışdır.
Dövlət statistika idarəsinin məlumatına görə ölkədə sosial vəziyyətin daha da ağırlaşması ucbatından uşaq evlərinə verilən uşaqların sayı getdikcə artmaqdadır. 2011-ci ildə 26 uşaq öz ailəsinə qayıtdığı halda, 267 uşaq uşaq evlərinə verilmişdir. Bu isə özlüyündə dövlət rəsmlərinin ölkənin işıqlı gələcəyi barədə söylədikləri fikirlərin sabun köpüyündən başqa bir şey olmamasına dəlalət edir. Müəllif bildirir ki. uşaq evlərində vəziyyət heç də ürəkaçan deyildir. Korrupsiyaya uyan məmurlar utanmadan, çəkinmədən uşaqlara ayrılan vəsait hesabına varlanmağa cəhd göstərirlər. 2012-ci ildə uşaq evlərinin saxlanılması üçün dövlət büdcəsindən 1,7 milyard dram (4 milyon dollara yaxın) ayrılmışdır. Uşaq evlərində aparılan yoxlamalar çoxlu sayda korrupsiya hallarını üzə çıxarmışdır. Uşaq evlərinə alınan ərzağın qiyməti bazar qiymətindən 200 dəfə baha olduğu aydınlaşdırılmışdır. Dövlət tərəfindən ayrılan vəsaitin əksər hissəsi korrupsioner məmurlar tərəfindən mənimsənilmişdir. Ermənistanın əhalinin sosial müdafiəsi naziri Artyom Asatryan etiraf etmişdir ki, ölkədə korrupsiyaya son qoyulmayınca vəziyyət düzəlməyəcəkdir.
UNİSEF-in Ermənistandakı nümayəndəsi Eduard İsraelyan ölkəsi ilə müqayisədə qonşu Gürcüstanda uşaqlara qayğının yüksək olduğunu və onların təcrübəsindən yararlanmağın vacibliyini vurğulamışdır. Sonda müəllif bir daha etiraf edir ki, Ermənistanda uşaqlarla bağlı problemin həlli üçün siyasi istək yoxdur. Ölkədə baş alıb gedən korrupsiya bu istək yolunda əsas maneədir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris