Erməni oftalmoloqun saxta məqaləsi
Bakı, 21 noyabr (AZƏRTAC). Ermənilərin hiyləgərliyi sərhəd tanımır. İlk baxışda göz xəstəliklərinin profilaktikası və müalicəsi ilə məşğul olan oftalmologiya elminin Qarabağ problemi ilə heç bir əlaqəsi yoxdur, ancaq ermənilər burada da çirkin siyasətlərini yürütməkdən və iyrənc təbliğatlarını aparmaqdan çəkinmirlər.
Amerika Oftalmologiya Akademiyasının beynəlxalq nəşrlərindən biri olan “EyeNet” jurnalında “Armenia to Tanzania: The Eyes of Hope and” (“Ermənistandan Tanzaniyaya qədər: Ümid və dəyişiklik gözləyən gözlər”) adlı məqalə dərc olunmuşdur.
Məqalədə ABŞ-da çalışan Ohanesyan soyadlı erməni əsilli bir oftalmoloqun ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistana və Dağlıq Qarabağa səfəri zamanı gördükləri və düşündükləri dərc edilmişdir. Məqalədə bildirilir ki, Dağlıq Qarabağ XX əsrin 30-cu illərində Stalin tərəfindən Azərbaycanın ərazisinə daxil edilibmiş və buna dözməyən erməni xalqı SSRİ dağıldıqdan sonra 1992-1993-cü illərdə öz müstəqillikləri naminə Qarabağda mübarizəyə başlamışlar.
Bu barədə AZƏRTAC-a məlumatı Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyindən bildirmişlər.
Məqalə ilə əlaqədar olaraq bir qrup gənc oftalmoloq - Tural Qəlbinur, Arifə Məmmədli, Səkinə İsmayılova, Faiq Orucov və Emin Əlihüseynli Amerika Oftalmologiya Akademiyasının rəhbərliyinə və “EyeNet” jurnalının baş redaktoruna etiraz məktubu göndərmişlər. Məktubda müharibədən ermənilərin deyil, azərbaycanlıların zərər çəkməsi, məhz bizim ərazilərin işğal altında olması və Xocalı soyqırımı barədə məlumat verilmişdir.
Azərbaycanlı gənc oftalmoloqların “EyeNet” jurnalında çap olunmuş etiraz məktubuna cavab gəlmişdir. Məktubda jurnalın baş redaktoru və Amerika Oftalmologiya Akademiyasının rəhbərliyi erməni oftalmoloqun qərəzli, saxta məqaləsinin dərcinə görə təəssüfləndiklərini bildirmiş, gələcəkdə bu cür məqalələrin nəşri məsələsində daha diqqətli olacaqlarına söz vermişlər.