Ermənistan Fransanın Cənubi Qafqazda neokolonializm siyasəti yeritməsi üçün bir vasitə olub ŞƏRH
Bakı, 29 fevral, AZƏRTAC
Emmanuel Makronun rəhbərliyi ilə Fransa hökuməti regionumuzdakı mövcud reallıqları düzgün qiymətləndirmir və Azərbaycana təsir etmək üçün müxtəlif qərarlar qəbul edir. Həmçinin beynəlxalq təşkilatlarda ölkəmizin əleyhinə qətnamələrin qəbul olunmasına çalışır və bizə qarşı Ermənistanı silahlandırdığını, həmçinin dəstək verdiyini açıq şəkildə bildirir. Bütün bunlar Cənubi Qafqazda olmaq istəyən Fransanı, əksinə olaraq regiondan daha çox uzaqlaşdırır. Fransa ölkəmizə qarşı məkrli siyasət aparmaqla Mərkəzi Asiya ölkələri ilə əlaqə qurmaq imkanlarından da məhrum olur. Halbuki, Fransa Afrikadan qovulmaqla əlindən çıxan uran ehtiyatlarını Mərkəzi Asiya ölkələri vasitəsilə bərpa etməyə çalışır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.
O bildirib ki, Azərbaycan ATƏT-in Minsk qrupunun üzvü olan ölkələr arasında Fransanı mərkəz olaraq seçmişdi. Buna görə də 1993-cü ildən sonra prezident seçkilərində qələbə qazanmış Azərbaycan Prezidenti ilk səfərini Fransaya etdi. Rəsmi Paris həmin vaxt Ermənistan-Azərbaycan münasibətlərində daha çox bitərəf davranırdı. Lakin Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə vəziyyət dəyişdi və Fransanın əsl siması ortaya çıxdı.
“Fransa bu gün Azərbaycanla təhdid, şantaj dili ilə danışmaqla, regionda sülhün əldə edilməsinə mane olmaqla, Ermənistanı silahlandırmaqla nəyəsə nail ola biləcəyini düşünür. Halbuki, Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, “Azərbaycanla kimsə təhdid, şantaj dili ilə danışa bilməz”. Bu ifadə o demək deyil ki, biz özümüzü dünyanın ən güclü ölkəsi sayırıq. Bu, Azərbaycanda dövlət-xalq-prezident birliyinin olması anlamına gəlir və bizi nədəsə qınayan ölkələrin öz neokolonialist siyasətlərinə yenidən baxmasının vacibliyini göstərir. Bu səbəbdən də bizə təzyiq edən qüvvələrin siyasətini ifşa etmək imkanlarımız daha çoxdur. Necə ki, Fransanın Afrikada, Korsikada, Mayot adalarında, Yeni Kaledoniyada etdiklərini bütün dünyanın diqqətinə çatdırırıq.
Çox təəssüflər olsun ki, Ermənistan Fransanın Cənubi Qafqazda neokolonializm siyasəti yeritməsi üçün bir vasitə olub. Başqa bir ölkənin forpostundan çıxmağa çalışaraq Fransanın təsirinə düşüb. Ümumiyyətlə, Ermənistan beynəlxalq münasibətlərin subyektindən daha çox obyektinə çevrilib. Əlbəttə, bütün bunlar Ermənistan üçün yaxşı nəsə vəd etmir. Fransa İmperatoru Napoleon Bonapartın belə bir sözü var idi: “Düşməniniz səhv edirsə mane olmayın, buraxın səhvini etsin”.
Əslində Ermənistan başına gələnlərdən özü üçün böyük dərs çıxarmalıdır. Müharibədən əvvəl də, həmin müddətdə də Ermənistanı dəstəkləyən, silahlandıran ölkələr var idi, amma onu məğlubiyyətdən qurtara bilmədilər. Həmin silahları qənimət kimi ələ keçirdik və bəziləri yarasız vəziyyətdə parkda sərgilənir. Ona görə Ermənistan belə təxribatlara uymamalı, regionda sülhün yaranması, nəqliyyat–kommunikasiya xətlərinin açılmasına çalışmalıdır. Ermənistanın nicat yolu Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşmasından keçir. Onu çətin vəziyyətdən Azərbaycan və Türkiyə istəmədikcə uzaqda yerləşən Fransa qurtara bilməyəcək”, - deyə politoloq vurğulayıb.
Y.Hacızadənin sözlərinə görə, Fransanın Ermənistana verdiyi 2-3-cü nəsil silahlar bizim sahib olduğumuz 4-5-ci nəsil hərbi texnikalar qarşısında, Prezident İlham Əliyevin bildirdiyi kimi, “sınıq-salxaq “Bastion” maşınları, konserv bankasıdır”: “Ermənistanda mövcud silah arsenalını Rusiyadan alınmış hərbi texnikalar və qurğular təşkil edir. Bundan əlavə, Ermənistanın hərbi sistemi Rusiyanın əlində olduğu üçün Fransa ona heç vaxt yeni nəsil silah verməz. Çünki yeni nəsil silahları istehsal edən ölkə həmin texnologiyanın sirrinin qorunmasına çalışır, bu da Ermənistanda mümkün deyil.
Fransanın müdafiə nazirinin “biz Ermənistanı Azərbaycana qarşı silahlandırırıq deməsi” də Ermənistanı açıq şəkildə yeni təxribata çəkməkdi. Eyni zamanda, bu açıqlamadan sonra Azərbaycanın təhlükəni əvvəlcədən aradan qaldırmaq məqsədilə həmin silahları legitim hədəf kimi zərərsizləşdirmək hüququ var. Bununla da bağlı dövlətimizin başçısı qeyd edib ki, bizə qarşı real təhlükə yarandığını görsək, preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik”.