Ermənistan “Laçın” dövlət sərhədində buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilmir - ŞƏRH
Bakı, 5 sentyabr, AZƏRTAC
Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə tarixə yazıldı. Müstəqillik tariximizin ən parlaq səhifəsinə çevrilən böyük Qələbə nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, dünya ictimaiyyəti xalqımızı mübariz, müzəffər xalq kimi tanıdı.
Bunu AZƏRTAC-a açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib.
O qeyd edib ki, bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, xalqımızı daha güclü, bayrağımızı daha uca etməyə hədəflənib. Dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimiz yenidən qurulur, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımız evlərinə qayıdırlar. Bu qayıdış soydaşlarımızın təkcə Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcək.

Cari il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində sərhəd-buraxılış məntəqəsinin qurulması, burada dövlət bayrağımızın dalğalandırılması ölkəmizin sərhədlərinin toxunulmazlığının vacibliyini bir daha dünyaya bəyan etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasətinin şah əsəri 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbə, torpaqlarımızın düşmən işğalından azad edilməsi nəticəsində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Məntəqənin qurulması bir daha bütün dünyaya “Biz Azərbaycan dövləti olaraq sərhədlərimizin bütövlüyünü təmin etmək iqtidarındayıq. Bizim torpaqlarımızda olan buraxılış məntəqəsindən ancaq bizim icazəmiz olan, qanunlarımızın icazə verdiyi, imkan yaratdığı, Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət edən yüklər keçə bilər” mesajını verdi. Azərbaycan-Ermənistan sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Erməni vandalları və onların havadarları bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışırlar. Onlar unudurlar ki, sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir və ölkəmizin daxili işidir.
“Strateji əhəmiyyətə malik “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törətmiş şəxsin saxlanılmasına səbəb oldu. Eyni zamanda, bu məntəqə yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin, həmçinin separatçıların tərk-silah olunmasında öz sözünü deyəcək və düşmənin növbəti təxribatlarının qarşısını alacaq. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı rəsmi İrəvanın, Fransanın rahatlığını hələ çox pozacaq” - deyə YAP Gəncə şəhər təşkilatının sədri qeyd edib.