Ermənistan ordusunda demək olar ki, hər şey məhv edilmişdir
Bakı, 29 noyabr (AZƏRTAC). Ermənistan İnsan Hüquqları və Demokratiya İnstitutunun (İHDİ) ofisində “Sardarabat” hərəkatının təşəbbüsü ilə Ermənistan parlamentinin milli təhlükəsizlik və müdafiə məsələləri üzrə komissiyasının “Son vaxtlarda Ermənistan silahlı qüvvələrində baş vermiş insidentlər” mövzusuna həsr edilmiş iclası olmuşdur.
AZƏRTAC “Armenia Today” saytına istinadla xəbər verir ki, iclasda çıxış edən “Sardarabat” hərəkatının üzvü Tiqran Xzmalyan diqqəti noyabrın 19-da Ermənistan silahlı qüvvələrində hərbi qulluqçuların həlak olması ilə nəticələnmiş fövqəladə insidentə cəlb etmişdir. Tiqran Xzmalyanın sözlərinə görə, bu cür insidentlər ölkənin hakim rejiminin idarəetmə sisteminə əsaslanan orduda hökm sürən şəxsiyyətlərarası münasibətlərin nəticəsidir.
O bildirmişdir ki, Ermənistan ordusu imkansız ailələrdən olan uşaqlar hesabına genişlənir və cəmiyyətdə mövcud olan psixoloji, ictimai və sinfi prosesləri əks etdirir.
İclas iştirakçıları orduda yaranmış vəziyyəti qiymətləndirərək qeyd etmişlər ki, ordu rəhbərliyinin vəziyyəti yaxşılaşdırmaq üçün lazımi iradəsi yoxdur, zabit heyətinin peşəkar vərdişlərinin səviyyəsi aşağı, insani keyfiyyətləri qeyri-qənaətbəxşdir.
Onların sözlərinə görə, ordu sistemi indiyə qədər Ermənistan cəmiyyəti üçün qapalı sistemdir, burada real ictimai kömək və nəzarət yoxdur, ordunun ali komandanlığı korrupsiyaya qurşanmışdır, kiçik zabit heyəti ilə ordunun rəhbər heyəti arasında münasibətlərdə sosial ədalətsizlik hökm sürür. Orduda kriminal aləmə xas olan anlayışlar hökm sürür, hərbi qulluqçular arasında münasibətlərin əsasını da bu anlayışlar təşkil edir. Ermənistan ordusu lap əvvəldən düzgün olmayan dəyərlər və idarəetmə sistemi əsasında yaradılmışdır.