Ermənistan prezidentinə açıq məktub
Bakı, 1 avqust (AZƏRTAC). Sizə yazdığım açıq məktubu çox hörmətli cənab prezident sözləri ilə başlamayacağam. Çünki sizin Ermənistan cəmiyyətində azacıq da olsun hörmətiniz qalmamışdır.
“Armenia to day” saytının verdiyi xəbərə görə bu sözlər Ermənistanın hüquq müdafiəçisi Vardan Aratunyanın prezident Serj Sarkisyana yazdığı açıq məktubunda yer almışdır. Ermənistan Milli Konqres partiyasına üzv olan gənclərin siyasi baxışlarına görə həbs olunmaları ilə əlaqədar yazdığı açıq məktubda hüquq müdafiəçisi prezidentə sual verərək nə vaxta qədər Ermənistanda cinayətkar rejimin hakim olacağını soruşmuşdur.
Məktubda qeyd edilir ki, ölkə iqtisadiyyatı və bir qrup cinayətkar oliqarx-məmurun əlində cəmləşərək tamamilə dağıdılmışdır. İnsanlar səfalət içində yaşayır. Bütün bunlar azmış kimi üstəlik gənclər siyasi düşüncələrinə görə təqib edilirlər. Siz bir prezident kimi tədbir görməkdə acizsiniz. İmkanlı oliqarxların əlində oyuncağa çevrilmisiniz. Nəticədə isə xalq mərhumiyyətlərlə üz-üzə qalmışdır.
Hüquq müdafiəçisi S.Sarkisyana müraciətlə yazır ki, 2008-ci ildə keçirilən prezident seçkilərində sizin qələbəniz olduqca şübhəli idi. Belə olmasaydı sizin əmrinizlə ədalət tələb edən xalq meydanda güllələnib qətlə yetirilməzdi. Xalqı əzərək prezident oldunuz və hakimiyyətinizi davam etdirirsiniz. Sizin aqibətinizin necə olacağını demək çətindir. Hər halda yaxşı heç nə proqnozlaşdırmaq olmur. Nə qədər ki, gec deyil, iradəli olun və həbs olunmuş gəncləri azadlığa buraxın.