ERMƏNİSTAN QEYRİ-KONSTRUKTİV MÖVQEYİNDƏN ƏL ÇƏKMİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, “Qafqaz -press” agentliyinin verdiyi xəbərə görə, Ermənistan son zamanlar hər vəchlə Gürcüstanın Abxaziya bölgəsinin ərazisindən keçən və Ermənistanı Rusiya ilə birbaşa birləşdirən Transqafqaz dəmir yolunun açılmasına can atır. Məhz buna görə Ermənistan rəsmiləri Rusiya və Gürcüstanın hakimiyyət orqanlarının nümayəndələri ilə müxtəlif çoxsaylı görüşlər keçirmiş, danışıqlar aparmışlar. Ermənilər iddia edirlər ki, həmin dəmir yolunun açılması guya Ermənistan iqtisadiyyatının inkişafı üçün əlverişli şərait yaradacaq və ölkənin ümumi daxili məhsulunun ən azı 40 faiz artımına kömək edəcəkdir.
Xatırladaq ki, Azərbaycanın işğal olunmuş dörd rayonunun azad edilməsi müqabilində bu rayonlardan keçən və Rusiya ilə Ermənistan arasında bilavasitə əlaqə yaradan Bakı-Naxçıvan-İrəvan dəmir yol xəttinin bərpası ilə bağlı təklifi Ermənistan rədd etmişdir. Qəribədir ki, bir tərəfdən, Ermənistan münaqişənin həlli və əməkdaşlığın qurulması məsələlərini özündə birləşdirən yeganə mümkün tədbirlər paketinin reallaşmasına, daha dəqiq desək, Bakı-Naxçıvan-İrəvan dəmir yolunun açılmasına ehtiyac olmadığını bildirir, digər tərəfdən isə, beynəlxalq tribunalardan Azərbaycanla iqtisadi əlaqələrin baş tutmamasının günahını ölkəmizdə gördüyünü bəyan edir. Son zamanlar isə heç bir konkret məntiqə əsaslanmayan fikirlər səslənir, həmin dəmir yolunun Ermənistanı Rusiyadan daha çox asılı vəziyyətə salacağı kimi dəlillər irəli sürülür. Digər tərəfdən isə, Abxaziya bölgəsinin ərazisindən keçən, Ermənistan və Rusiya arasında əlaqə yaradan başqa bir dəmir yolunun açılmasının ölkə iqtisadiyyatının inkişafına təkan verəcəyini bildirir.
Məsələnin mahiyyətinə vardıqda bir daha aydın olur ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında siyasi iradə nümayiş etdirmək bacarığından uzaqdır və problemin həllinə regionun gələcək təhlükəsizliyi və firavanlığı mövqeyindən yanaşmaq iqtidarında və əzmində deyildir. Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe münaqişənin həllində siyasi irəliləyişin əldə olunmasını ləngidir, beynəlxalq birliyin və vasitəçilərin səylərinin yenidən heçə endirilməsinə xidmət edir. Siyasi razılaşmanın hər bir əməkdaşlığın tərkib hissəsi olduğunu dərk etməkdən uzaq olan Ermənistan məsələyə işğalı rəsmiləşdirmək niyyətindən yanaşmaqla özünü təcrid vəziyyətinə salır, regionda iqtisadi proseslərə əngəl törədir. Bütün bunlar bir daha sübut edir ki, Ermənistanın apardığı siyasət və bu siyasətə arxalanan başlıca niyyəti zəbt olunmuş Azərbaycan torpaqlarını işğal altında saxlamağa yönəldilmişdir.