Ermənistan qoşunlarının təxribatları ilə bağlı məlumatlar İndoneziya ictimaiyyətinə çatdırılıb
Tokio, 8 aprel, AZƏRTAC
Aprelin 8-də Azərbaycanın İndoneziyadakı səfirliyində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış son gərginliklə əlaqədar mətbuat konfransı keçirilib.
İndoneziyanın nüfuzlu “Antara”, “CNN Indonesia”, “Sindonews”, “Merdeka”, “Okezone”, “MetroTVnews” və digər KİV-lərinin nümayəndələrinin də iştirak etdikləri mətbuat konfransında səfir Tamerlan Qarayev əvvəlcə Ermənistanın Azərbaycana qarşı təcavüzünün qısa tarixçəsini danışıb. BMT başda olmaqla bütün dünya ölkələri tərəfindən tanınmış Azərbaycan ərazisini əks etdirən xəritə ilə yanaşı, Ermənistanın Azərbaycana qarşı təcavüzünü göstərən xəritəni də nümayiş etdirib və mövzunu əyani faktlar əsasında ətraflı izah edib.
Aprelin 2-dən etibarən qoşunlar arasında cərəyan edən gərginliyə toxunan səfir bildirib ki, bu hadisələr ermənilərin uzun müddətdir davam edən işğalçılıq və terror siyasətinin nəticəsidir. Qoşunların Azərbaycan ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə, 1994-cü ildə razılaşdırılmış atəşkəsə məhəl qoymayan Ermənistan əslində bu fasilədən öz məkrli niyyətləri üçün istifadə etməyə çalışıb. Belə ki, bu atəşkəs müddətində məsələni sülh yolu ilə həll etməyə deyil, status-kvonu saxlamağa və beləliklə işğalı leqallaşdırmağa çalışıb.
Azərbaycan isə dəfələrlə bəyan edib ki, biz humanizm və sülhsevərlik mövqeyindən çıxış edərək, həmçinin beynəlxalq qanun və prinsiplərə hörmət göstərərək bu işğalın dayandırılması üçün Ermənistanla danışıqlar masasına otururuq. Azərbaycan Respublikası istənilən vaxt və istənilən formada öz hüquqi ərazilərini və vətəndaşlarını müdafiə etmək, qorumaq iqtidarındadır və bu hüquqa malikdir.
Son hadisələrin də səbəbi Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalini hədəf alması və bununla beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasını və əlavə protokolları, 1954-cü il Haaqa Konvensiyasını kobud və açıq şəkildə pozması olub. Atəşkəsin pozulması və erməni əsgərlərinin Azərbaycan torpaqlarında ölməsinin məsuliyyəti bütünlüklə Ermənistan hökumətinin üzərinə düşür.
Mətbuat konfransının iştirakçılarına yerli dildə çap olunmuş “Xocalı soyqırımı” faktlar toplusu, “Qarabağ haqqında həqiqətlər” adlı broşürlər, press-reliz və Ermənistanın Azərbaycana qarşı təcavüzünü əks etdirən xəritələr paylanılıb.
Həmin gün mətbuat konfransında iştirak etmiş bir sıra xəbər agentliklərinin internet səhifələrində səfir T.Qarayevin verdiyi məlumatları əks etdirən məqalələr dərc edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio