Ermənistan silahlı birləşmələri mülki əhalini hədəfə alır
Bakı, 4 aprel, AZƏRTAC
Son günlər Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq, Azərbaycanın cəbhəboyu, həmçinin təmas xəttinə yaxın olmayan yaşayış məntəqələrini və mülki obyektləri iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutur.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda aprelin 2-də növbəti belə təxribat və diversiya aktları nəticəsində qanlı cinayət əməllərinin törədildiyi, mülki əhali arasında həlak olanların və yaralananların olduğu bildirilir. Hüquq-mühafizə orqanları bununla bağlı konkret məlumatlar açıqlayıb. Belə ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrinə atəş açması 2 sakinin ölümünə, 10 nəfərin yaralanmasına səbəb olub. Eyni zamanda, vətəndaşlara külli miqdarda maddi və mənəvi ziyan vurulub. Məktəb binası, çoxsaylı evlər, obyektlər, istehsal müəssisələri düşmənin artilleriya zərbələrinə məruz qalıb.
Tərtər rayonunun Qarağacı kəndi və Şıxarx qəsəbəsi ərazisinə atılmış mərmilərin minik avtomobillərinin üzərinə düşməsi nəticəsində iki nəfər ölüb, dörd nəfər ağır yaralanıb. Daha bir mərmi həmin kənddəki evi dağıdıb. Ağır yara alan ev sahibi xəstəxanaya yerləşdirilib.
Erməni hərbi birləşmələri Ağdam rayonunun yaşayış məntəqələrini də şiddətli artilleriya atəşinə tutub. Nəticədə Əfətli və Seydimli kəndlərində üç nəfər ağır yaralanıb. Yaralılardan biri azyaşlıdır.
Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş Tərtər şəhərində və Goranboy rayonunda da dağıntılar törədib və iki mülki şəxsin ağır yaralanması ilə nəticələnib.
Bu faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq aparılır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında verdiyi tapşırığa əsasən, cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində ictimai asayişin qorunması, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün hüquq-mühafizə orqanları tərəfindən lazımi tədbirlər görülür, əməliyyat şəraiti nəzarətdə saxlanılır.
Azərbaycan Silahlı Qüvvələrinin düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırmasına baxmayaraq, Ermənistan hərbi birləşmələri təxribatlar törətməkdə davam edirlər.