Ermənistan sosial-iqtisadi problemlər girdabında boğulur
Bakı, 13 dekabr (AZƏRTAC). Ermənistan sosial-iqtisadi problemlər girdabında boğulur. Bunun nəticəsində son 20 il ərzində Ermənistanda doğum səviyyəsi də 2 dəfə aşağı düşmüşdür. Yoxsulluq və səfalətdə yaşayan erməni ailələri uşaq sahibi olmaq istəmirlər.
Nyus armenian saytı bununla bağlı apardığı araşdırmasının nəticələrini dərc etmişdir. Bildirilmişdir ki, artıq Ermənistanda produktiv 1 anaya düşən uşaq sayı 1,3-dən aşağı enmişdir. Bu isə bir millətin nəslinin kəsilməsi üçün ən real təhlükədir. Erməni demoqrafı Ruben Yeqanyanın sözlərinə görə, son 20 ildə ölkədə doğumun səviyyəsi 2 dəfə aşağı düşmüşdür. Demoqraf qeyd etmişdir ki, indiki ailələrin yalnız 70 faizi nəsil artırmağa meyillidir. Ruben Yeqanyan bunu erməni gənclərinin sabit maaşlı işlərinin olmaması ilə əlaqələndirir.
Ermənistanda elə bir sahə yoxdur ki, orada problem olmasın. Acınacaqlı vəziyyətin hökm sürdüyü sahələrdən biri də Ermənistan ordusudur.
Sabiq hərbiçi Arman Poqosyan Kavkazski uzel saytına bildirmişdir ki, Ermənistan ordusunda kriminal aləmin qanunları hökm sürür. Orduda kriminalın “yazılmamış qanunları” var və bu qanunları pozanları sərt cəza gözləyir. Əsas münaqişələr isə zabitlər və əsgərlər arasında baş verir. Əksər hallarda zabitlərin davranışı və reaksiyası əsgərin törətdiyi əmələ adekvat olmur. Əsgərlər arasında da qanlı haqq-hesablar baş verir. Bütün bunların kökündə isə bitib tükənməyən korrupsiya və rüşvətxorluq halları, anarxiya dayanır.