Ermənistanda 10 uşaqdan 4-ü yoxsulluq hədindən də aşağı səviyyədə yaşayır
Bakı, 26 dekabr (AZƏRTAC). Ermənistanda fəaliyyət göstərən Regional Araşdırmalar Mərkəzinin 2011-ci ilin yekunlarına dair hesabatında deyilir ki, bu ölkənin üç əsas problemindən heç biri öz həllini tapmamışdır.
“Armenia todey” saytı mərkəzin rəsmi nümayəndəsinə istinadla yaydığı məlumatlarda deyilir ki, Ermənistanda keçirilmiş prezident seçkilərinə etiraz edən xalq 2008-ci il martın 1-də zorakılığa məruz qalmışdır. Hakimiyyəti zəbt edənlər bu gün quldurluq yolu ilə o qədər varlanıblar ki, dövlət onlardan qorxur.
Xarici siyasətdə də heç bir irəliləyiş olmamışdır. “Qüdrətli” erməni diasporunun artıq əvvəlki kimi bu və ya digər ölkənin parlamentində sözləri keçmir. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyi halda Ermənistan bu təşkilatda müzakirəyə heç bir məsələ çıxara bilmir.
Ermənistanın iqtisadiyyatı isə olduqca ağır vəziyyətdədir. Əhalinin 36 faizi yoxsulluq həddindən də aşağı səviyyədə yaşayır. Bu isə 1 milyon 200 min nəfər deməkdir. Nəzərə alsaq ki, məhz bu qədər də adam ölkəni tərk etmişdir, onda ölkə əhalisinin hamısının yoxsulluq hədindən aşağı səviyyədə yaşadığı aydın olur. Rəsmi statistikaya görə uşaqların 40 faizi (hər 10 uşaqdan 4-ü) yoxsulluq içində yaşayır. Bu məsələ hakimiyyəti ciddi düşündürməlidir. Lakin hakimiyyət nümayəndələri öz bizneslərini inkişaf etdirməyi daha üstün tuturlar. Məsələn Gümrü əhalisi hələ də zəlzələnin nəticələrini aradan qaldıra bilmədikləri halda bu şəhərin meri özü üçün otellər və istirahət mərkəzləri tikdirir. Diasporun nümayəndəsi Narek Arutünyan rüşvətlə hakimiyyət nümayəndələrini ələ alaraq böyük bizneslə məşğul olur. Artıq diaspora Ermənistandan fayda götürdükdə onu müdafiə edir.