Ermənistanda beynəlxalq tədbirlərin keçirilməsi qadağan edilməlidir – Rəy
Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 14-də İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Bayrağımızın yandırılması mənəvi dəyərlərin yoxluğu, faşistliyin əlaməti, Ermənistanın Azərbaycana qarşı formalaşmış nifrət siyasətinin bariz göstəricisidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı deyib.
“Ermənistanın baş nazirinin də iştirak etdiyi tədbirdə belə bir halın baş verməsi, habelə bu hadisəni törətmiş şəxsin saxlanıldıqdan bir müddət sonra alqışlar içərisində azad edilməsi hər birimiz üçün ciddi narahatlıq doğurur. Ermənistan sülh prosesinə töhfə vermək əvəzinə, bu kimi addımları ilə prosesi daha da çətinləşdirir. Bununla da postmüharibə dövründə Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında təhdidlər yaradır. Bu günlərdə əsir düşmüş Azərbaycan əsgərinə işgəncələrin verilməsi, ardınca beynəlxalq əhəmiyyətli tədbirdə Bayrağımızın yandırılması Ermənistanın ona uzanan sülh əlini geri çevirdiyini göstərir.
Qeyd olunmalıdır ki, bu hadisə indiyədək törədilmiş ilk belə insident deyil. Dəfələrlə beynəlxalq tədbirlərdə Ermənistan bu kimi hadisələrlə Azərbaycan, eləcə də digər ölkələrin dövlət rəmzlərinə, milli simvollarına qarşı hörmətsizlik nümayiş etdirib və bütün bunlar Ermənistanın nə dərəcədə məkrli və çirkin siyasət yürütdüyünü bir daha ortaya qoyur.
Xüsusilə də, bu kimi hadisələrin daha çox idman tədbirlərində baş verməsi idmanın siyasiləşdirilməsi baxımından yolverilməz hadisədir. Hesab edirik ki, ermənilərin törətdiyi bu hadisə beynəlxalq ictimaiyyət tərəfindən pislənilməli, Ermənistanda bu kimi beynəlxalq tədbirlərin keçirilməsi qadağan edilməlidir. İdmançıların təhlükəsizliyinin təmin olunmadığı, iştirakçı ölkələrin dövlət atributlarına qarşı açıq-aşkar kin və nifrətin aşılandığı ölkədə bu cür idman tədbirlərinin normal təşkili mümkünsüzdür.
Baş verən hadisələrin əksi olaraq, Azərbaycanda keçirilmiş beynəlxalq tədbir və yarışlar zamanı Ermənistanı təmsil etmiş idmançıların təhlükəsizliyi yüksək səviyyədə təmin olunub. İştirakçı ölkələrin dövlət rəmzlərinə təhdid yaradacaq heç bir hadisə qeydə alınmayıb. Azərbaycan hər zaman öz milli-mənəvi dəyərlərinə sadiqliyini nümayiş etdirib və şübhəsiz ki, bundan sonra da belə olacaq”, - deyə Ş.Rəhmanlı bildirib.