ERMƏNİSTANDA KORRUPSİYA TÜĞYAN EDİR
Təşkilatın 2005-ci il üçün tərtib etdiyi korrupsiyalılıq indeksinə görə, Ermənistan 146 ölkə arasında 88-ci yeri tutur. Avqust ayında keçirilmiş ümummilli sorğunun nəticələrinə görə, Ermənistan sakinlərinin təqribən üçdə iki hissəsi hesab edir ki, son bir neçə il ərzində ölkədə korrupsiyanın səviyyəsi artmışdır. Rəyi soruşulanların yalnız 4,5 faizinin fikrincə, bu sahədə vəziyyət yaxşılığa doğru gedir.
Ölkədə həyata keçirilən korrupsiyaya qarşı mübarizə proqramı da ciddi tənqid olunmuşdur. Təşkilatın Ermənistan üzrə şöbəsinin başçısı A.Kostanyan bildirmişdir ki, proqramda yalnız qanunvericilikdə dəyişikliklər nəzərdə tutulur. Sənəddə korrupsiyaya qurşanmış məmurların aşkara çıxarılması və cəzalandırılmasından danışılmır. Yüksək rütbəli məmurlar korrupsiyada təqsirləndirilmir. İqtidar özü korrupsiya çirkabında boğulduğundan, rüşvətxorluqla mübarizə aparmağa can atmır.
Prezident R.Koçaryandan sonra ölkədə ikinci nüfuzlu şəxs sayılan müdafiə naziri Serj Sarkisyan jurnalistlərə yay məzuniyyətini Monakoda keçirdiyini bildirsə də, məşhur kazinolardan da yan keçmədiyini təkzib etmişdir. Aylıq əmək haqqı 700 dollar olan nazir dünyanın ən bahalı kurortlarından birində hansı vəsait hesabına dincəldiyini izah edə bilməmişdir.
Ticarət naziri Karen Çşmarityan jurnalistlərin Yerevanın mərkəzində açılmış dəbdəbəli hotelin sahibinin kim olması barədə suallarına, - hotelin meneceri K.Çşmarityanın qohumudur, - cavabında demişdir: “Bu sizin nəyinizə lazımdır? Axı, bununla nə dəyişəcəkdir?”