Ermənistan Türkiyə ilə sərhədlərin açılmasını istəyirsə öz işgalçı siyasətindən əl çəkməlidir. Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı deyilənlər isə növbəti uydurmadır. Bu barədə
AZƏRTAC-ın müxbirinə məlumat verən Prezidentin İcra Aparatı xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirmişdir ki, erməni siyasətçiləri adətən yığışıb bir mövzu, sual tapıb onun cavabını verir və bununla da beynəlxalq ictimayyəti aldatmağa çalışırlar. Onun sözlərinə görə son vaxtlar Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi mətbuatda tez-tez hallandırılır. Əlbəttə ki, bununla bağlı Türkiyə rəsmlərinə müxtəlif təkliflər olur. Çünki ermənilər dərk edirlər ki, Ermənistanı bürüyən iqtisadi böhran bir neçə il də davam edərsə bu ölkənin vəziyyəti daha da ağırlaşacaqdır. Ona görə də onlar yeganə çıxış yolu kimi Türkiyə ilə sərhədlərin açılmasını görürlər.
Novruz Məmmədov inandığını bildirmişdir ki, Türkiyənin rəhbərliyi öz xarici siyasətlərindəki prinsipləri əsas tutaraq belə bir addımın atılmasına yol verməyəcəkdir. Əgər Ermənistan Türkiyə ilə əlaqələri bərpa etmək istəyirsə, ilk növbədə, öz konstitusiyasında təsbit olunmuş Türkiyəyə qarşı ərazi iddialarını və uydurma soyqırım məsələsini gündəlikdən çıxarmalıdır.
Türkiyə rəhbərliyi bir millət iki dövlət prinsipinə həmişə riayət edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin sərhədlərin açılmasında mühüm əhəmiyyət daşıyacağını bildiribdir.