ERMƏNİSTANIN REGİONAL ƏMƏKDAŞLIQDAN DANIŞMAĞA HAQQI YOXDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 26-da Avropa Şurası Parlament Assambleyası yay sessiyası çərçivəsində ətraf mühit, kənd təssərüfatı, yerli və regional məsələlər üzrə komitənin növbəti yığıncağı keçirilmişdir.
Yığıncaqda Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da iştirak etmişdir. Müzakirəyə təqdim olunan sənədlərdən biri ermənistanlı deputat Avat Adomsun hazırladığı “Regional əməkdaşlıq” adlı tövsiyə üçün qətnamə olmuşdur. Bu məsələ ilə bağlı çıxış etmiş azərbaycanlı deputat bildirmişdir ki, sənəddə qaldırılan məsələ son dərəcə əhəmiyyətlidir. Regional əməkdaşlıq, gələcək inkişaf ölkələrin yaxınlaşması üçün son dərəcə böyük dəyər daşıyır. Lakin təəccüb oyadan cəhət ondan ibarətdir ki, bu sənədi Ermənistan nümayəndə heyətinin üzvü hazırlayır. Əgər Ermənistan regional əməkdaşlığın faydasını anlayırsa, bunu inkişaf etdirmək yolunda çalışırsa, onda qonşulara qarşı siyasətdə ciddi dönüşlər etməlidir.
Bu gün Azərbaycan Cənubi Qafqazda aparıcı mövqe tutan ölkələrdən biridir. Həm Cənubi Qafqazda, həm də digər qonşuları ilə sıx əməkdaşlıq şəraitində iş birliyi qurur, iqtisadi cəhətdən böyük layihələri gerçəkləşdirir. Lakin Ermənistan yeganə ölkədir ki, bu regonal layhələrin hamısından kənarda qalmışdır. Səbəb də ondan ibarətdir ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etmişdir və bu işğalçılıq siyasətini davam etdirir, hətta genişləndirmək niyyətindədir. Buna görə də hər hansı bir dövlət regional əməkdaşlıq tərəfdarıdırsa, regionda sülhün, sabitliyin, anlaşmanın inkişaf etməsi istiqamətində çalışmalıdır. Ermənistan özünü iqtisadi təcrid vəziyyətinə saldığından, ölkədə iqtisadi böhran ildən-ilə dərinləşir. Ona görə də gələcəkdə regional layihələrdə fəal iştirak etməsi və qaldırılan məsələnin Ermənistanın özü də gerçəkləşməsini istəyirsə, apardığı siyasətdə ciddi dönüşlər etməlidir. Azərbaycana qaşı apardığı təcavüzkar siyasətə son qoymalıdır.
Ermənistanın Azərbaycana qarşı törətdiyi son fəsadlardan biri isə haqqında dəfələrlə məsələ qaldırdığımız yanğınlardır. İşğal altında saxladığı ərazilərdə Ermənistan yanğınlar törətməkdə davam edir. Bu yanğınlar nəzarətsiz olduğundan azərbaycanlıların yaşadıqları ərazilərə keçir, insanların həyatı, ətrafdakı flora və fauna üçün ciddi təhlükə yaradır, bitki örüyünün tamamilə sıradan çıxmasına səbəb olur.
Yanğınların törədilməsinin səbəbi sadədir. Ermənistan işğal altında saxladığı nəzarətsiz ərazilərdə narkotik maddələrin becərilməsi, yetişdirilməsi və ticarəti üçün münasib sahə kimi istifadə edir. Narkotik maddələr yetişdirildikdən və məhsul yığıldıqdan sonra izi itirmək məqsədilə həmin sahələrdə yanğınlar törədirlər. Bu yanğınlar da özlüyündə ciddi fəsadlar törədir.
Ermənistan tərəfindən törədilən və ekoloji baxımdan Azərbaycana külli miqdarda zərər vuran bu yanğınların qarşısının alınması üçün Avropa Şurası konkret addımlar atmalıdır.
Azərbaycan nümayəndə heyəti bu məsələni dəfələrlə AŞ rəhbərliyi səviyyəsində də qaldırmış, lazımi sənədləri təqdim etmişdir. Bir zamanlar Ermənistan bunu boynundan atsa da, yanğınlar törətmədiyini bildirsə də, təqdim olunan fotolar və diğər materiallar bu cinayətin baş verdiyini təmamilə sübut edir.
Sonda R. Hüseynov ətraf mühit komitəsindən və Avropa Şurasının rəhbərliyindən bu məsələyə ciddi diqqət yönəltməyi xahiş etmişdir.