Ermənistanın sərhəddə törətdiyi təxribatlar sülh müqaviləsinin imzalanması prosesini yubatmağa hesablanıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Ermənilərin sərhəddə törətdikləri təxribatlar yalnız sülh müqaviləsinin imzalanmasını və sərhədlərin delimitasiya prosesini yubatmağa hesablanıb. Təxminən son bir ayda erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusuna qarşı bu təxribatları daha çox müşahidə edirik. Bununla ermənilər bir daha sübut etdilər ki, Brüsseldəki danışıqlara ciddi yanaşmırlar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev cəbhədə baş verən son hadisələrlə bağlı fikir bildirərkən deyib. O, qeyd edib ki, baş verənlər bir daha Ermənistanın revanşist fikirlərindən hələ də əl çəkmədiyini göstərir.
U.Mirzəyev, həmçinin qeyd edib ki, Ermənistan qəsdən atəşkəsin şərtlərini yerinə yetirməyərək, sülhə gedən yolda təxribatlar yaratmaqla dünya ictimaiyyətində münaqişənin hələ də bitmədiyi fikrini yaratmağa çalışır.
BAMF-in prezidenti bildirib ki, Azərbaycan dövləti hər zaman olduğu kimi, bütün təxribatlara layiqli cavab verib və ərazi bütövlüyünü qorumağa hazırdır.
“Onlar Azərbaycanı dünyaya təcavüzkar kimi göstərib, beynəlxalq aləmdə çətin vəziyyətdə qoymağı hədəfləyirlər. Erməni revanşistləri vəziyyətin sabit olmadığını göstərmək istəyirlər. Ermənistan, həmçinin bununla özlərinin köməyə ehtiyacı olduqlarını göstərmək istəyir.
Azərbaycan torpaqlarına, Azərbaycan əsgərinə qarşı edilən hər bir hərəkət layiqli cavabını alacaq. Onlar bilməlidirlər ki, ölkəmizə qarşı istənilən təxribat ağır cəzalandırılacaq. Biz bunu avqustun əvvəlində “Qisas” əməliyyatı zamanı da gördük. Amma görünür, bu Ermənistana yaxşı dərs olmayıb. Ermənistanın bütün hərbçiləri Azərbaycan ərazisindən dərhal çıxarılmalı, Azərbaycan sərhədinin yaxınlığında təhlükəsiz zona yaradılmalıdır. Görünür Ermənistan sülhə məcbur edilməlidir”.
Sonda Umud Mirzəyev mətbuat və ictimaiyyəti cəbhədə yaşanan gərginlik fonunda dezinformasiyalara inanmamağı və yalnız rəsmi mənbələri istinad verməyə çağırıb: “Müdafiə Nazirliyi ölkə KİV-inə və sosial şəbəkə istifadəçilərinə də müraciət edərək yalnız rəsmi mənbələrə istinadın mütləq zəruriliyini diqqətə çatdırıb. Həm həmkarlarımızı, həm də bütün Azərbaycan xalqını həssas davranmağa, yalnız rəsmi mənbələrə istinad etməyə, habelə əldə olunan informasiyaların dəqiqliyini anlamadan yaymamağa çağırırıq”.