“Əsl detektiv” filminin çəkilişləri təxirə salınıb
Bakı, 1 sentyabr, Emil Məlikov, AZƏRTAC
Hollivud istehsalı olan “Əsl detektiv” adlı ekran əsərinin dördüncü mövsüm çəkilişləri müəyyən müddətlik təxirə salınıb.
AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, əsas rollarda Codi Foster və Kali Reisin çəkildiyi filmin premyera tarixi 2024-cü ilə qədər uzadılıb.
Ekran əsərinin növbəti mövsüm çəkilişlərinin təxirəsalınma səbəbi haqda dəqiq məlumat verilməyib. Lakin ABŞ-da ssenarist və aktyorlar tərəfindən davam edən tətillər səbəbindən bir neçə televiziya şousu, həmçinin filmlərin, serialların istehsalı ləğv edilib.
Qeyd edək ki, layihənin dördüncü mövsümü Alyaskanın Ennis şəhərindəki tədqiqat stansiyasını idarə edən səkkiz alimin müəmmalı şəkildə yoxa çıxmasına həsr olunacaq. Detektivlər Arktika buzunun altındakı acı həqiqəti araşdırmalıdırlar.