“ƏSRİN MÜQAVİLƏSİ” İLƏ BAŞLAYAN HEYDƏR ƏLİYEVİN NEFT STRATEGİYASININ HƏYATA KEÇİRİLMƏSİNDƏ TARİXİ HADİSƏ
BAKI-TBİLİSİ-CEYHAN ƏSAS İXRAC BORU KƏMƏRİNİN AZƏRBAYCAN VƏ GÜRCÜSTAN ƏRAZİLƏRİNDƏN KEÇƏN HİSSƏSİNİN BİRLƏŞDİRİLMƏSİ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Bu gün çox tarixi bir gündür. İnşası uğurla davam edən Bakı-Tbilisi-Ceyhan neft kəməri iki qardaş ölkənin sərhədində birləşir. Bu əlamətdar, tarixi gündə sizin hamınıza öz dərin minnətdarlığımı və salamlarımı çatdırmaq istəyirəm. Bu kəmərin tikintisində iştirak etmiş bütün insanları xüsusilə qeyd etmək istəyirəm. Bəziləri tərəfindən əfsanə kimi təqdim edilən Bakı-Tbilisi-Ceyhan neft kəməri onların əməyi nəticəsində gerçəyə çevrilmişdir.
Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycanda 1994-cü ildən başlanmış Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir. On il bundan əvvəl, “Əsrin müqavilə”sinin imzalanmasından sonra Azərbaycanda yeni neft strategiyası həyata keçirilməyə başlandı. Bu müddət ərzində böyük uğurlar qazanıldı, böyük məsələlər öz həllini tapdı. Azərbaycan iqtisadi cəhətdən gücləndi. Ölkəmizin iqtisadiyyatına, sənayesinə milyardlarla dollar sərmayə qoyuldu. Bu, çox mühüm bir hadisədir və onu göstərir ki, ölkəmizdə gedən proseslərə, Azərbaycanın gələcəyinə çox böyük inam var. Əgər bu inam olmasaydı, əlbəttə ki, milyardlarla dollar sərmayə qoyulmazdı. Bu müddət ərzində Azərbaycanın neft infrastrukturu, demək olar ki, tamamilə yeniləşdi, yenidən quruldu və indi dünyanın ən yüksək standartlarına cavab verir. Qazma qurğularının tikintisi, digər infrastrukturun yaranması və əlbəttə ki, iki neft kəmərinin - Bakı-Novorossiysk və Bakı-Supsa kəmərlərinin tikintisi neft strategiyasının tərkib hissəsi idi. Əgər 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanmasaydı, bunların heç biri mümkün olmazdı.
Azərbaycan öz iqtisadi potensialını çox böyük dərəcədə gücləndirə bildi. Bütün bu işləri həll etmək üçün böyük iradə, cəsarət və uzaqgörənlik lazım idi. Mənim dostum Mixail öz çıxışında qeyd etdi ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra çox ağır vəziyyətdə idi. Ölkədə xaos, böhran, hərc-mərclik hökm sürürdü. İqtisadiyyat ildən-ilə tənəzzülə uğrayırdı və demək olar ki, tamamilə dağılmışdı. Yalnız və yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra vəziyyət dəyişdi, Azərbaycan tədricən böhrandan çıxmağa başladı və təxminən 1996-cı ildən sonra ölkədə bütün sahələrdə inkişaf başlandı. Biz bu gün sizinlə bu inkişafın nəticələrini görürük. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi həm Azərbaycan üçün, həm Gürcüstan üçün, həm də bütün region üçün çox vacibdir. Bu, ölkəmizə yeni imkanlar yaradacaqdır, xalqlarımız üçün yeni şəraitin yaradılmasını təmin edəcəkdir. Əlbəttə ki, bu, ölkələrimizə böyük həcmdə maliyyə vəsaitinin cəlb olunmasına gətirib çıxaracaqdır.
Eyni zamanda, bütün bu iqtisadi məsələlərlə yanaşı, regional təhlükəsizlik məsələlərinə də bu layihə öz töhfəsini verəcəkdir. Təəssüflər olsun ki, regionda sülh və təhlükəsizlik hələ də tam mənada bərqərar olunmayıbdır. Biz ümid edirik ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri bu baxımdan da bizə kömək edəcəkdir.
Regionda əməkdaşlıq uğurla davam edir, Gürcüstanla Azərbaycan arasında əlaqələr həmişə çox yüksək səviyyədə olmuşdur. Əsrlər boyu xalqlarımız mehriban dostluq və qardaşlıq şəraitində yaşamışlar. Bu gün də belədir. Çox vacibdir ki, aramızda olan ənənəvi dostluq və qardaşlıq münasibətləri xalqlarımız, ölkələrimiz müstəqilliyini əldə etdikdən sonra daha da inkişaf etsin. Bu gün ölkələrimiz çox mühüm bir mərhələdədir. Hər iki ölkədə rəhbərliyə yeni insanlar gəlmişlər. Onların fəaliyyətindən, bir-birinə olan münasibətindən çox şey asılıdır. Çox şadam ki, ilk görüşdən, ilk təmasdan Mixaillə mənim aramda olan münasibətlər əsil mənada qardaşlıq münasibətləridir. Biz həmişə bir-brimizi görməyimizə çox sevinirik, çox şadıq. İştirak etdiyimiz elə bir beynəlxalq tədbir olmayıb ki, biz orada görüşməyək. Xalqlarımızın gələcəyi, müstəqil dövlətlərimizin birgə yaşaması və güclənməsi, dünyada öz mövqelərini möhkəmləndirməsi üçün bizim dostluğumuz vacibdir. Hər bir Azərbaycan, hər bir Gürcüstan vətəndaşının dostluğu vacibdir. Bu məsələdə də ölkə rəhbərləri öz vətəndaşlarına gözəl nümunə göstərir. Əminəm ki, bu, hamı üçün örnək olacaqdır, hamımız gündəlik həyatımızda, gündəlik fəaliyyətimizdə çalışacağıq ki, iki ölkə arasında olan münasibətləri daha da gücləndirək, daha yüksək pilləyə qaldıraq.
Bu gözəl gündə qeyd etməliyəm ki, həm Gürcüstanda, həm Azərbaycanda, həm də Türkiyədə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi istiqamətində böyük işlər görülmüşdür. Mən bu gün bu kürsüdən bizim türkiyəli qardaşlarımızı da təbrik etmək, onların fəaliyyətini də yüksək qiymətləndirmək istəyirəm. Bu layihə, ümumiyyətlə, bütün dünyaya sübut edir ki, regional əməkdaşlıq hansı formada həyata keçirilməlidir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər enerji layihələri dünyanın ən böyük layihələridir. Əlbəttə, bizim bütün uğurlarımız gələcək əməkdaşlıq prosesinə müsbət təsir edəcəkdir. Regional əməkdaşlıq daha da güclənəcək, yeni formalarla zənginləşəcəkdir. Əminəm ki, bizim uğurumuz başqa regional məsələlərə də öz gözəl təsirini göstərəcəkdir.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisində bilavasitə iştirak etmiş, əməyini qoymuş şirkətləri, insanları, dostlarımızı salamlayıram və onları təbrik edirəm, öz minnətdarlığımı bildirirəm. Bakı-Tbilisi-Ceyhan Ko şirkəti və bu şirkətdə aparıcı rol oynayan bp şirkəti Azərbaycanın çox gözəl tərəfdaşlarıdır. 10 ildən artıqdır ki, bp ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında çox gözəl əməkdaşlıq var, biz əsil mənada tərəfdaşıq. Biz çox minnətdarıq ki, bp Azərbaycana böyük həcmdə sərmayə qoyubdur, ölkəmizdə müxtəlif layihələrdə aparıcı rol oynayır və əminəm ki, bundan sonra əməkdaşlığımız daha da güclənəcəkdir. Gələcəkdə bizi böyük işlər gözləyir. Kəmərlər tikiləndən və istismara veriləndən sonra onların normal fəaliyyəti və təhlükəsiz istismarı bizim hamımızın diqqəti mərkəzində olacaqdır.
Bu illər ərzində Azərbaycan Dövlət Neft Şirkəti çox böyük işlər görübdür. Şirkətdə çalışan mütəxəssislərin, fəhlələrin, danışıqları aparan şəxslərin hamısının bu işlərdə böyük əməyi vardır. Azərbaycan Dövlət Neft Şirkəti də bu son 10 il ərzində daha yüksək nəticələr əldə edib, daha müasirləşibdir və əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisində bu şirkətin böyük, 25 faizə bərabər payının olması bizim üzərimizə əlavə məsuliyyət qoyur.
Bütün digər şirkətlərin, Azərbaycan tərəfindən inşaatı aparan SSİS və Gürcüstan tərəfindən inşaatı aparan “Kapak-Petrofak” şirkətlərinin də fəaliyyətini yüksək qiymətləndirirəm. Əgər bu məsələdə bizim dostumuz Amerika Birləşmiş Ştatlarının iştirakı və fəaliyyəti olmasaydı, əlbəttə ki, bütün bunları həyata keçirmək çox çətin olardı. Biz bu dəstəyi ilk anlardan hiss etmişik, bu gün də hiss edirik. Bu məsələlərlə 10 ilə yaxın məşğul olan bir adam kimi tam səmimiyyətlə deyə bilərəm ki, əgər Amerika hökumətinin bu məsələ ilə əlaqədar qətiyyətli mövqeyi nümayiş etdirilməsəydi, bizim işlərimiz daha çətin ola bilərdi. Fürsətdən istifadə edərək, bu tədbirdə bizimlə bərabər olan və məxsusi buraya gəlmiş dostumuz, səfir Stiven Mənni salamlayıram və onun fəaliyyətini xüsusi qeyd etmək istəyirəm.
Sadaladığım bütün məsələlər bizə bu nəhəng layihəni həyata keçirməyə imkan veribdir. Burada Azərbaycanda və Gürcüstanda görülən işlər, bizim neft şirkətlərimiz və tərəfdaşlarımız, Amerika Birləşmiş Ştatlarının fəaliyyəti və bu işlərə töhfəsi mühüm rol oynamışdır. Beynəlxalq maliyyə qurumlarının yardımı olmasaydı, biz bu qədər vəsaiti toplaya bilməzdik. Bütün bu amillər bir daha göstərir ki, beynəlxalq və regional əməkdaşlıq olan yerdə uğurlar da, nəticələr də olur.
Mən çox şadam və sevinirəm ki, biz bu əlamətdar günü qeyd edirik. Bilirsiniz ki, bu məsələlərdə, Azərbaycanın neft strategiyasının həyata keçirilməsində, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisində xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna rolu var idi. Təsadüfi deyildir ki, bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri Heydər Əliyevin adını daşıyır. Ceyhanda tikilən nəhəng terminal Heydər Əliyevin adını daşıyır. Bunların hamısı təbiidir. Ona görə ki, Heydər Əliyevin fəaliyyəti, rəhbərliyi, uzaqgörənliyi, cəsarəti nəticəsində bütün bu məsələlər öz həllini tapmışdır.
Mən 1994-1995-ci illəri də yaxşı xatırlayıram. O zaman bəziləri buna inanmırdı, bəziləri bizə maneçilik törətmək istəyirdi. Amma heç kim buna müvəffəq ola bilmədi. Azərbaycan, Gürcüstan və Türkiyə xalqlarının iradəsi, əzmkarlığı, birliyi bizə imkan verdi ki, biz bu gün burada bu gözəl bayramı qeyd edə bilək. Bu əlamətdar hadisə bir daha göstərir ki, bizim qarşımızda heç bir maneə, heç bir əngəl ola bilməz və heç kim bizi tutduğumuz yoldan döndərə bilməz.
Əziz dostlar,
Mən sizin hamınızı bir daha ürəkdən salamlayıram. Bu gözəl hadisə münasibətilə hamınızı ürəkdən təbrik edirəm. Arzu edirəm ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla, vaxtında istismara verilsin, biz də bunu qeyd edək. Bakı-Tbilisi-Ərzurum qaz kəmərini də oxşar tale gözləsin və ölkələrimiz bir-birinə daha da yaxın olsun. Bu, bizim arzumuzdur, istəyimizdir və buna nail olacağıq. Çünki bu, Gürcüstan və Azərbaycan rəhbərliyinin, insanlarının, vətəndaşlarının arzusudur.
Bir daha sizin hamınızı ürəkdən təbrik edirəm. Arzu edirəm ki, belə bayramlar çox olsun və biz həmişə görüşəndə bir-birimizi təbrik edək, sevinək, elə edək ki, xalqlarımız həmişə yaxşı, firavanlıq içində yaşasın və xoşbəxt olsunlar.