İDMAN
Estoniya–Azərbaycan: Uğursuz seriyaya yubiley oyununda son qoyula bilər
![Estoniya–Azərbaycan: Uğursuz seriyaya yubiley oyununda son qoyula bilər](/files/2023/3/1200x630/16971937454405818876_1200x630.jpg)
Bakı, 13 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan milli komandası AVRO-2024-ün seçmə mərhələsində bu gün Estoniya yığmasının qonağı olacaq.
AZƏRTAC xəbər verir ki, Tallindəki “Le Kok Arena”da oynanılacaq qarşılaşma Canni De Byazinin başçılıq etdiyi kollektivin F qrupundakı beşinci sınağı olacaq.
Əvvəlki dörd matçın üçündə uduzan yığma yeganə heç-heçəyə məhz estoniyalılarla Bakıdakı görüşdə nail olub - 1:1.
Azərbaycan millisi nəzəri olaraq final mərhələsinə vəsiqə şanslarını saxlasa da, qrupdan çıxması çətin görünür. Cəmi bir xalla beş komanda arasında dördüncü sırada yer alan yığma qrupda ilk iki pillədən birini tutmaq üçün yerdə qalan oyunların hamısında qələbə qazanmalı, digər komandalar isə xal itirməlidirlər.
Bugünkü oyun Azərbaycan yığmasının Estoniya seçməsi ilə yubiley - 10-cu dueli olacaq. Buna qədər baş tutmuş doqquz qarşılaşmada rəqibin aşkar üstünlüyü nəzərə çarpır. Əvvəlki matçların dördündə estoniyalılar, birində isə Azərbaycan millisi qələbə qazanıb. Yeganə qalibiyyət 1998-ci ildə Gəncədə baş tutmuş yoldaşlıq görüşündə qeydə alınıb. Komandalar arasında dörd qarşılaşma isə heç-heçə ilə yekunlaşıb.
Doqquz oyunun yeddisi yoldaşlıq matçlarına, ikisi isə seçmə mərhələ görüşlərinə təsadüf edib. Estoniya ilə matçlarda 6 qol vuran yığma öz qapısından 11 top buraxıb.
15.02.1996. Estoniya - Azərbaycan - 0:0
01.03.1997. Estoniya - Azərbaycan - 2:0
04.06.1997. Estoniya - Azərbaycan - 1:0
16.05.1998. Estoniya - Azərbaycan - 0:0
28.11.1998. Azərbaycan - Estoniya - 2:1
06.03.1999. Azərbaycan - Estoniya - 2:2
03.07.2002. Estoniya - Azərbaycan - 0:0
15.11.2013. Estoniya - Azərbaycan - 2:1
17.06.2023. Azərbaycan - Estoniya - 1:1.
Qeyd edək ki, bu gün “Le Kok Arena”da keçiriləcək Estoniya-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.