Fərid Bağırov: Autizm spektrli uşaqlar səssizliyin fəlsəfəsini səhnədə təqdim edəcəklər
Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə autizm spektrli uşaqların ifasında “Kainatın sükutunu yaradan uşaqlar” adlı qarabasma janrında tamaşa hazırlanıb. Tamaşa insanın daxili səssizliyə, səbirə və dinləmə mədəniyyətinə dönüşünü simvolik və poetik dillə təqdim edən bədii kompozisiyadır. Autizm spektrli uşaqlar səssizliyin fəlsəfəsini səhnədə təqdim edəcəklər.
Bunu AZƏRTAC-a açıqlamasında tamaşanın quruluşçu rejissoru və layihə rəhbəri Fərid Bağırov deyib.
O bildirib ki, səhnə işi autizm spektrli uşaqların daxili dünyasının bədii ifadəsinə əsaslanır. Onun sözlərinə görə, yanvarın 23-də Şuşa Dövlət Musiqi Dram Teatrında təqdim olunacaq tamaşa autizm spektrli uşaqların yaradıcılıq potensialının üzə çıxarılması, onların cəmiyyətə inteqrasiyası və incəsənət vasitəsilə özünüifadə imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Fərid Bağırov qeyd edib ki, tamaşanın ideya müəllifi Mehriban Alşanlıdır.