İDMAN
Fərid Qayıbov: İnanıram ki, gimnastlarımız sabah keçiriləcək final yarışlarında bizi sevindirəcəklər
Bakı, 28 aprel, AZƏRTAC
Bu gün bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ikinci günüdür. Azərbaycan gimnastları çoxnövçülük yarışlarında çıxışlarını yekunlaşdırıblar. Veronika Hudis və Zöhrə Ağamirova çox gəncdirlər. Bu, Veronika Hudis üçün ilk böyük yarışdır. O, ilk dəfədir böyüklər arasında yarışlarda iştirak edir. Baş məşqçi Mariana Vasilyeva və məşqçilər korpusunun digər üzvləri də onların çıxışlarından razı qaldılar.
Bu sözləri Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov Bakıda keçirilən Dünya Kuboku yarışında Azərbaycan idmançılarının çıxışları ilə bağlı AZƏRTAC-a müsahibəsində deyib.
EUG prezidenti bildirib: “Qrup hərəkətləri yarışlarında çıxış edəcək komandamızın üzvləri daha təcrübəlidir və onlar beynəlxalq yarışlarda medallar qazanıblar. Təbii ki, onlar da çox həyəcanlıdırlar. Doğma divarlar arasında çıxış etmək ikiqat məsuliyyətlidir. İnanıram ki, onlar dünən ilk çıxışda finala vəsiqə qazandıqdan sonra, bu gün ikinci çıxışlarında da uğurlu olacaqlar. Gimnastlarımızın sabah keçiriləcək final yarışlarında bizi sevindirəcəklərinə inanıram”.
Fərid Qayıbov qeyd edib ki, hər il dörd Dünya Kuboku yarışı keçirilir. Azərbaycanda keçirilən bu yarış bu il sonuncudur. Demək olar ki, Bakıda keçirilən Dünya Kuboku yarışları ümumi bir finaldır. Bu turnirin sonunda əvvəlki Dünya Kuboku yarışlarında fərqlənmiş idmançılara Beynəlxalq Gimnastika Federasiyasının (FIG) kuboku təqdim olunacaq. “Ən yaxşı icra xalını toplamış” idmançı isə Azərbaycan Gimnastika Federasiyası tərəfindən “AGF Trophy” kuboku ilə təltif ediləcək. Bu mükafat artıq üçüncü ildir təqdim olunacaq.