Fəxri konsul: Sudanda Azərbaycanın “ASAN xidmət” təcrübəsi böyük maraqla qarşılanır
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Sudandakı fəxri konsulu Tarig Hamza Zeynəlabdin ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov Tarig Hamza Zeynəlabdini fəxri konsul qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib.
Görüşdə Azərbaycan və Sudan arasında ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi, turizm, hava nəqliyyatı və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Tarig Hamza Zeynəlabdin Azərbaycanın “ASAN xidmət” təcrübəsinin Sudanda böyük maraqla qarşılandığını qeyd edib, bu sahədə əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyi bildirilib. Bu xüsusda, beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən qətnamələrin qəbul edilməsində Sudanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb.
Fəxri konsul fəaliyyəti dövründə iki ölkə arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.