FƏXRİ XİYABANA ÖLKƏNİN BÜTÜN GUŞƏLƏRİNDƏN İNSAN AXINI DAVAM EDİR
Rafiq Nərimanov Bərdə rayonundan gəlmişdir. Rayon icra hakimiyyəti başçısının müavinidir. O, AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, bərdəlilər prezidentimizi çox sevirdilər. Hələ onun respublikaya rəhbərlik etdiyi 1970-ci illərdə Bərdə tanınmaz dərəcədə dəyişmiş, əhalinin rifahı yüksəlmişdi. Böyük Azərbaycanlı Bərdəyə hər gəlişində bizə yaratmaq, qurmaq üçün ilham verirdi. Təsadüfi deyildir ki, o dövrdə Bərdə pambıqçılarının, mexanizatorlarının, heyvandarlarının sorağı Azərbaycandan çox-çox uzaqlarda məşhur idi. Yeri gəlmişkən, şəhərdə yaradılmış İdeoloji mərkəzdə milli liderin Nüşabə yurduna səfərlərini əks etdirən fotostendlər vardır. Ailəmizin taleyində dünya şöhrətli bu siyasətçinin böyük rolu vardır. Onun səyi ilə respublikada yaranmış ab-hava sayəsində öz biliyimizlə ali məktəbə qəbul olmuşduq. Mən həkiməm. Bacı-qardaşlarım da ürəklərinə yatan ixtisasa yiyələniblər. Bu günlər rayonumuzda ağsaqqallar, ziyalılar arasında müstəqil Azərbaycanımızın memarının adının əbədiləşdirilməsi barədə müzakirələr gedir. Artıq bir neçə təklif almışıq. Ətraflı götür-qoy edəndən sonra müəyyən qərara gələcəyik. Bu gün Fəxri xiyabanda bərdəli çoxdur. Onlar ürəklərinin hökmü ilə buraya gələrək, çox sevdikləri insana son borclarını verirlər. Müdrik rəhbərimizin parlaq xatirəsi bərdəlilərin qəlbində əbədi yaşayacaqdır.
Fəxri xiyabana insan axını davam edir. Hər kəs Azərbaycan torpağına dinclik və əmin-amanlıq gətirmiş, cəbhədə qan tökülməsini dayandırmış, vətənimizi beynəlxalq aləmdə tanıtmış dahi insana ehtiramını ifadə etməyi özünə borc bilir.
Gecədən xeyli keçməsinə baxmayaraq, ziyarət davam edir, ümummilli liderimiz Heydər Əliyevin məzarı üzərində gül-çiçək anbaan artır.