FƏXRİYYƏ XƏLƏFOVANIN KOLLEKSİYASI MOSKVADA MARAQLA QARŞILANMIŞDIR
Respublikamızı bu mötəbər tədbirdə tanınmış modelyer-rəssam, moda və dizayn mərkəzinin başçısı, bir çox mükafatlara layiq görülmüş eksklüziv kolleksiyaların müəllifi Fəxriyyə Xələfova təmsil edir.
Fəxriyyə xanımın moda sahəsində 5 illik yaradıcılıq təcrübəsi var və o, öz fəaliyyəti ərzində “Sirr”, “Neft ilahəsi”, “Ümid ritmləri” və “Azərbaycan xanımı” kimi kolleksiyalar yaratmışdır. 1999-cu ildə Rusiyada Azərbaycan mədəniyyəti günlərində Fəxriyyə xanımın “Sirr”, 2003-cü ildə isə Vyaçeslav Zaytsevin moda evində “Azərbaycan xanımı” kolleksiyaları nümayiş olunmuşdur. Modelyer-rəssam Almaniyada “EXPO-2004” beynəlxalq sərgisində, birinci və üçüncü “Yüksək müasir milli geyim modası” beynəlxalq müsabiqələrində, “Avropa xətti” ikinci beynəlxalq reklam festivalında da iştirak etmişdir.
Bu dəfə onun 30 geyimdən ibarət “Gözə çarpmayan dəbdəbə” eksklüziv kolleksiyası göstərilmişdir. Müəllif memarlığımıza, təsviri və xalçaçılıq sənətlərimizə xas milli naxışlardan məharətlə istifadə etmiş, kolleksiyanı bənzərsiz edən parçaların rənginə və keyfiyyətinə də böyük əhəmiyyət vermişdir.
Fəxriyyə Xələfovanın kolleksiyası böyük uğur qazanmış və moda həftəsində iştirak edən peşəkarların, habelə tədbirin təşkilatçılarının diqqətini cəlb etmişdir.
Kolleksiyanın nümayişindən sonra Fəxriyyə xanım jurnalistlərə bildirmişdir ki, Moskvada “Yüksək moda həftəsi” onun üçün irəliyə doğru daha bir ciddi addımdır. O demişdir: ”Belə mötəbər tədbirə dəvət almağım onu göstərir ki, mən yüksək moda aləmində bərqərar olmuş standartlara, meyarlara cavab verirəm və bu, mənim üçün çox xoşdur”.
Moda pərəstişkarlarının Fəxriyyə Xələfovanın kolleksiyasına maraq göstərmələri modelyer rəssamımızın öz yaradıcılığını geniş dünya ictimaiyyətinə çatdırmağa, müasir, lakin ənənələrə sadiq Azərbaycan qadını obrazını əks etdirməyə nail olduğunu göstərir.