FHN-in Həmkarlar İttifaqı: Müharibə veteranlarına və şəhid ailələrinə diqqət əsas prioritetdir
Bakı, 26 dekabr, AZƏRTAC
Dekabrın 26-da Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqının 2022-ci ilin yekunlarına həsr olunmuş hesabat-plenumu keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, illik hesabat yığıncağında nazirliyin aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrləri iştirak ediblər.
Plenumda FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılovun bu il görülən işlər haqqında geniş hesabat məruzəsi dinlənilib.
İttifaq sədri qeyd edib ki, ötən il ərzində respublikamızın milli bayramları, əlamətdar günləri və peşə bayramında ittifaq tərəfindən bir çox tədbirlər həyata keçirilib. Diqqətə çatdırılıb ki, əvvəlki illərdə olduğu kimi bu ildə də ittifaqın fəaliyyətində müharibə veteranlarına və şəhid ailələrinə diqqət, əsgərlərlə və işğaldan azad olunmuş ərazilərdə xidmət aparan əməkdaşlarla görüş əsas prioritet vəzifələrdən biri olub.
Mehman İsmayılov bildirib ki, FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə 44 günlük Vətən müharibəsi şəhidlərinin analarının və FHN-in qadın əməkdaşlarının ümumi sayına uyğun olaraq Zəngilan rayonu ərazisində ağacəkmə aksiyası keçirilib. Vətən müharibəsi şəhidi, FHN-in əməkdaşı Şəfiyev Rəşad Vaqif oğlunun ailəsi diqqətdə saxlanılıb, Aprel döyüşləri zamanı şəhid olmuş kiçik gizir Orxan Həmidovun himayəyə götürülmüş iki övladına 300 manat məbləğində maddi yardımın ödənilməsi davam etdirilib. Bu aydan başlayaraq şəhid leytenant Hümbətov Ravil Mübariz oğlunun uşaqları himayəyə götürülərək 18 yaşına çatana kimi hər ay 200 manat maddi yardım göstəriləcək.
Diqqətə çatdırıb ki, ittifaqın dəstəyi ilə FHN-in Aran, Şimal-qərb və Cənub Regional mərkəzlərində şəhid və qazi övladları üçün “açıq qapı” günləri keçirilib, şəhid və qazi uşaqlarına hədiyyələr və fəxri fərmanlar təqdim olunub.
“26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərindən olan 44 nəfər qazi və veteranın Nabranda yerləşən “Orman” ailəvi istirahət mərkəzində beş günlük istirahətləri təşkil edilib. Proqram çərçivəsində müxtəlif səpkili idman yarışları keçirilib və qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıb. Həmçinin Silahlı Qüvvələri Günü münasibətilə nazirliyin Qəbələdəki “N” saylı hərbi hissəsində 44 nəfər Vətən müharibəsi qazisinin iştirakı ilə tədbir keçirilib, onlara qiymətli hədiyyələr təqdim edilib.
“YAŞAT” və Qarabağ Dirçəliş fondlarına Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası vasitəsilə ümumilikdə 150 min manat pul vəsaiti köçürülüb”, - deyə M.İsmayılov qeyd edib.
Mehman İsmayılov hesabat dövründə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, İdman-Sağlamlıq Klubu və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə keçirilmiş yarışlar haqqında da məlumat verib. Vurğulanıb ki, nazirlik əməkdaşları müalicə və istirahət məqsədilə müxtəlif sanatoriyalara və istirahət mərkəzlərinə yollayışlarla təmin olunub, İttifaq üzvlərindən maddi vəziyyəti aşağı olan, vəfat etmiş və ya ailə üzvlərindən birinin vəfatı ilə əlaqədar, özünün və ya ailə üzvünün xəstəliyinin müalicəsinə maddi kömək göstərilib, 2022-ci ildə yubiley yaşları tamam olan təcrübəli FHN əməkdaşları fəxri fərmanla təltif edilib və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
O çıxışının sonunda qeyd edib ki, FHN işçilərinin həmkarlar ittifaqı qarşısında duran bütün vəzifələrin həlli üçün bundan sonra da səylə çalışacaq, üzvlərinin əmək və sosial hüquqlarının təmin olunmasına daim yardım edəcək.
Hesabat məruzəsi dinlənildikdən sonra ittifaqın digər illik cari məsələləri və 2023-cü il üçün qəbul edilmiş tədbirlər planı müzakirə olunub, komitə sədrlərinin təklifləri dinlənilib.