FHN-in nümayəndəsi MDB fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının XXXIII iclasında iştirak edib
Bakı, 8 iyul, AZƏRTAC
Qırğız Respublikasının paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyinin (MDB) təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının XXXIII iclası keçirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi rəisinin müavini Gündüz Həmzəyev iştirak edib. Azərbaycanla yanaşı, tədbirə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın aidiyyəti dövlət qurumlarının nümayəndələri və MDB İcraiyyə Komitəsinin məsul işçiləri, qonaq qismində isə Ümumdünya Mülki Müdafiə Təşkilatının rəhbər şəxsləri qatılıb.
İclasda MDB-nin təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 2019-2020-ci illərdə gördüyü işlərə dair məruzə dinlənilib. Şuranın İcraiyyə Komitəsi gələcək planlar barədə məlumat verib, müzakirələr aparılıb.
Gündüz Həmzəyev iclasda çıxış edərək Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının apardığı 44 günlük haqq savaşından, rəşadətli Ordumuzun qazandığı böyük Zəfərdən danışıb, işğaldan azad olunmuş torpaqlarımızda görülən quruculuq işləri və ərazilərin minalardan təmizlənməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, çıxışında FHN-in Dövlətlərarası Şuranın sonuncu iclasından sonra gördüyü işlərdən danışıb.
İclasda MDB-nin təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasına sədrliyin növbəlilik prinsipi üzrə Rusiya Federasiyasından Qırğız Respublikasına keçməsi barədə qərar qəbul edilib.
Səfər çərçivəsində iclas iştirakçıları Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin və dalğıc qrupunun fəaliyyəti ilə tanış olublar.