FHN: Səbail rayonunda ictimai iaşə obyektində yanğın baş verib VİDEO
Bakı, 11 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Səbail rayonunun Ü.Hacıbəyli küçəsində yerləşən ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki ümumi sahəsi 250 kvadratmetr olan kafenin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində mətbəxin taxtadan ibarət arakəsmə divarı və dekor 6 kvadratmetr sahədə yanıb. Həmçinin yüksək temperaturdan mətbəxin alçıpandan ibarət tavanı 4 kvadratmetr sahədə yararsız hala düşüb.
Kafenin böyük hissəsi və mənzillər alovdan mühafizə olunub.