FHN: Xaçmaz rayonunun İstisu və Şimal qəsəbələrində fərdi yaşayış evlərini su basıb
Bakı, 14 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Xaçmaz rayonunun İstisu və Şimal qəsəbələrinin ərazilərində bir sıra fərdi yaşayış evləri və ictimai iaşə obyektlərinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar əraziyə FHN-in Şimal Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hazırda nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.