FİFA PREZİDENTİ RUSİYALI HAKİMİN İŞİNİ TƏNQİD ETDİ
FİFA prezidenti demişdir: “Bu, emosional, dramatik bir görüş idi və hakim özünün müdaxiləsi ilə onu korladı. O, öz qərarlarında ardıcıl deyildi və bəzi futbolçuların şərəfli oyun tələblərinə cavab vermədiyinə diqqət yetirmirdi”.
Valentin İvanov həmin oyunda 16 sarı vərəqə göstərmişdir ki, bunların da dördü qırmızı vərəqə ilə nəticələnmişdir. Bu, dünya çempionatlarının antirekordudur. Əvvəllər bir görüşdə üç qırmızı vərəqədən artıq göstərilməmişdi.
İvanovun hakimliyindən Portuqaliya komandasının baş məşqçisi Luis Felipe Skolari də narazı qalmışdır. O demişdir ki, rusiyalı hakim işinin öhdəsindən gələ bilmədi və nəticədə Portuqaliya yığması ingilislərlə dörddəbir final görüşü ərəfəsində iki əsas oyunçusundan məhrum oldu. Hollandiyalıların məşqçisi Marko van Basten də həmkarı ilə razıdır. O bildirmişdir ki, “birinci hissədə heyrətamiz futbol vardı, ikinci hissədə isə futboldan, ümumiyyətlə, əsər-əlamət qalmadı. Rusiyalı hakim hər şeyi korladı”.
Xatırladaq ki, İvanovun hakimliyindən İsveçrə və Fransa komandalarının (onların görüşü heç-heçə qurtarmışdır – 0:0) məşqçiləri də narazı qalmışdılar.