Fikrət Sadıxov: Azərbaycan 2026-cı ildə diplomatiya müstəvisində daha mühüm addımlar atacaq
Bakı, 6 yanvar, AZƏRTAC
2025-ci il Azərbaycanla bağlı bir çox əlamətdar hadisələrlə yadda qaldı. Ölkəmizin Prezidenti yerli televiziya kanallarına geniş müsahibəsində Azərbaycanın rolu, maraqları, həmçinin bir sıra beynəlxalq və regional məsələlərdə mövqeyi ilə bağlı bir çox sualları cavablandırıb. Bunlara avqustun 8-də Ağ Evdə ABŞ ilə müvafiq memorandumun imzalanması, ərazilərimizin işğaldan azad edilməsindən sonra qonşu dövlətlə münasibətlərdə mühüm mərhələ olan Ermənistanla sazişin paraflanması və qlobal siyasətdə əsas aktorlardan biri olan Çin Xalq Respublikası ilə münasibətlər daxildir.
Bu fikri AZƏRTAC-ın müxbiri ilə söhbətində politoloq və Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıxov bölüşüb.
Onun sözlərinə görə, ölkəmizin bağladığı sazişlər, həyata keçirilən səfərlər və strateji əməkdaşlıq müqavilələri ikitərəfli münasibətlərin möhkəmləndirilməsində, habelə regionumuzda planlaşdırılan və artıq həyata keçirilən irimiqyaslı layihələrin həyata keçirilməsində mühüm rol oynayır.
“Biz Türk Dövlətləri Təşkilatı ilə münasibətlərimizi gücləndirmişik. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının üzvü olmuşuq. Mərkəzi Asiya dövləti olmasaq da, bu, Azərbaycana böyük etimadın əlamətidir və bizi həmin regionun ölkələri ilə bağlayan qarşılıqlı maraqların təzahürüdür”, - deyə politoloq qeyd edib.
F.Sadıxov vurğulayıb ki, Azərbaycan müsəlman dövlətlərindən ibarət və beynəlxalq münasibətlərdə mühüm rol oynayan D8 təşkilatının tamhüquqlu üzvü olub. “Bütün bu ilkin şərtlər, atılan müsbət addımlar göstərir ki, biz düzgün yoldayıq və 2026-cı ildə bu dövlətlərlə əməkdaşlığımızı inkişaf etdirəcək, həmçinin diplomatiya sahəsində Azərbaycanın maraqlarına xidmət edəcək və dövlətçiliyimizi gücləndirəcək daha mühüm addımlar atacağıq”, - deyə professor sözlərini yekunlaşdırıb.