Filarmoniya təşkil olunan abonement konsertlər davam etdirilir
Bakı, 30 dekabr, AZƏRTAC
Abonement konsertlər 2023-cü ilin noyabr ayından hər həftənin şənbə günləri M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçirilir.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, abonement konsertləri çərçivəsində Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin müəllimi Camalə Abdinzadə və tələbələrinin hazırladığı “Səslərlə yazılmış tarix” adlı konsert keçirilib. Səhnədə çıxış edən ifaçılar - Nigar Əsgərova, Anisa Karmel Əsgərli, İqan Ümid Əsgərli, Cavharat Osmanova, Elvanə Əliyeva, Səkinə Mövsümova, Nəzrin Səfərəliyeva, Pərvin İbrahimova və qiraətçi Hüseynağa Aslanov Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət geniş və rəngarəng proqram təqdim ediblər.
Kamera və Orqan Musiqisi Zalında abonement konsertləri çərçivəsində təqdim olunan “Musiqi terapiyası: Səsin toxunuşu” adlı konsert də maraqla qarşılanıb. Klassik və müasir musiqi nümunələrinin bu incə sintezi konsert proqramına xüsusi ahəng və fəlsəfi dərinlik bəxş etdi.
“Gənc istedadların konserti” də bu qəbildən olan növbəti musiqi tədbirlərindəndir. Proqramda dünya bəstəkarlarının əsərləri səslənib.
Bu il üçün abonement konsertlərin sonuncusu Aydan Nuriyevanın solo musiqili-poeziya konserti olub.
Proqramda F.Chopin, J.Haydn, R.Schumann, Q.Qarayevin əsərləri səslənib. Qiraətçi Hüseynağa Aslanovun səsləndirdiyi şeirlər musiqi ilə vəhdət yaradaraq dinləyicilərə unudulmaz konsert proqramı yaşadıb.
Qeyd edək ki, konsertlərdə iştirak etmək istəyənlər biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərlər. Bir dəfə alınan abonement bileti ay ərzində təşkil olunan konsertlər üçün keçərlidir.