Filarmoniyada Azərbaycan bəstəkarı Leonid Vaynşteynin 80 illiyinə həsr olunmuş konsert təşkil edilib






Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar incəsənət xadimi, bəstəkar Leonid Vaynşteynin 80 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas, Azərbaycan Milli Konservatoriyasının professoru Jalə Qulamova konsertlə bağlı dinləyiciləri məlumatlandırıb.
Konsertdə Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xalq artisti Gülbacı İmanovun rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası və Əməkdar İncəsənət Xadimi Dilarə Əliyevanın yaradıcısı olduğu Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru iştirak edib.
Dövlət Uşaq Filarmoniyasının xor qrupunun bədii rəhbəri Aysel Mehdizadədir. Təntənəli konsert proqramında bəstəkarın xor və simfonik əsərləri səslənib. Gecədə, həmçinin oğlu Timur Vaynşteynin müəllifi olduğu Leonid Vaynşteyn haqqında kitabın təqdimatı da baş tutub.
Konsertin final nömrəsində Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru birlikdə bəstəkarın “Azərbaycan sənin yazın gələr” mahnısını ifa ediblər.