Filarmoniyada “Əsrlərin nəfəsi. The Breath of Centuries” adlı konsert olub
Bakı, 29 dekabr, AZƏRTAC
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Əsrlərin nəfəsi.The Breath of Centuries” adlı konsert olub.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, proqramda klassik musiqi tarixinin müxtəlif dövrlərinə aid dahi bəstəkarların əsərləri səsləndirilib.
Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Yalçın Adıgözəlov, dirijor isə Tamerlan Adıgözəlov olub.
Proqramda ilk olaraq İ.S. Bach-ın 3 nömrəli Orkestr süitasından “Ariya” səslənib. Ardınca Pyotr Çaykovskinin dərin lirizmlə dolu “Simli Serenada”sı (op.48) ifa olunub.
İkinci hissədə Azərbaycan musiqisinin dahisi Fikrət Əmirovun monumental “Nizami” Simfoniyası səslənib. Dörd hissədən ibarət bu simfoniya dinləyicilərə həm zəngin milli musiqi irsini, həm də dərin fəlsəfi duyğuları çatdırıb.
Gecənin kulminasiyası isə çex bəstəkarı B.Martinū-nun fleyta, violin və orkestr üçün yazdığı, Azərbaycanda ilk dəfə səslənən konserti olub. Bu premyer ifada solistlər - Aytac Kara (violin) və Kamran Talıblı (fleyta) yüksək peşəkarlıq və texniki ustalıq nümayiş etdiriblər.