İQTİSADİYYAT
“Fitch Ratings”: Qarabağa davamlı investisiyalar Azərbaycanda daxili tələbi dəstəkləyəcək – MÜSAHİBƏ
Bakı, 28 noyabr, Tamilla Məmmədova, AZƏRTAC
Azərbaycan bərpaolunan enerji sektoruna əhəmiyyətli investor marağını cəlb edə bilib.
Bunu AZƏRTAC-a eksklüziv müsahibəsi zamanı “Fitch Ratings”in suveren reytinqlər qrupunun inkişaf etməkdə olan Avropa ölkələrinin rəhbəri və baş direktor Erik Arispe (Erich Arispe) bildirib.
Baş direktorla olan müsahibəni təqdim edirik:
- Cənab Arispe, Azərbaycanın hazırkı makroiqtisadi vəziyyətini necə qiymətləndirərdiniz?
- İyulda “Fitch Ratings” Azərbaycanın reytinqini stabil proqnozla “BBB-” səviyyəsinə yüksəldib. Bu, dövlətin güclü xarici balansını əks etdirir. Həmin göstərici 2010-cu ildə Azərbaycanın ilk dəfə investisiya səviyyəsinə yüksəldiyi dövrlə müqayisədə daha güclüdür. Biz həmçinin qeyd etdik ki, əvvəlki yüksək neft qiymətləri dövrü və xarici valyuta risklərinə uyğun ehtiyatlı fiskal siyasət makroiqtisadi sabitliyin pozulmasının qarşısını almaq, dəyişkən neft qiymətinə nəzarət etmək üçün adekvat bufer siyasətinə kömək edəcək.
- Son illər ölkədə iqtisadi artımın əsas təkanverici qüvvələri hansı iqtisadi faktor və sektorlar olub?
- Artım iqtisadiyyatın qeyri-neft sektoru olan, xüsusilə 2022-ci ildə daha çox nəzərə çarpan nəqliyyatın, kənd təsərrüfatının, tikinti sektorunun, xüsusən də Qarabağın yenidən qurulması və inkişafı ilə bağlı aparılan işlərin - hesabına baş verib. Qarabağa davamlı investisiyalar Azərbaycanda daxili tələbi dəstəkləyəcək.
- Ölkənin yeni iqtisadi modelinin əsasını nə təşkil edəcək?
- Hökumət turizm, kənd təsərrüfatı, İKT, logistika və nəqliyyat kimi sektorları dəstəkləyir. Son iki sektor Qazaxıstan-Qafqaz vasitəsilə Çin və Avropanı birləşdirən Orta Dəhlizinin inkişafından faydalanmaq cəhdləri ilə bağlıdır. Hökumət ixracyönümlü investisiyaların cəlb edilməsi üçün Ələt Azad İqtisadi Zonasını da yaradıb.
- Ölkədə qeyri-enerji sahələrinin potensialı hansı səviyyədədir?
- Bərpaolunan enerji mənbələrinin (külək və günəş) əhəmiyyətli potensialının istifadəyə veriləcəyi gözlənilir. Bu, bərpaolunan enerjinin quraşdırılmış gücdə payını 2023-cü ildəki 21 faizdən 2027-ci ildə 33 faizə çatdıracaq və bununla da təbii qaz hasilatının daxili istehlakını azaldacaq.
- COP29 iqlim dəyişikliyi ilə mübarizə üçün növbəti addımların müəyyən edilməsində mühüm rol oynayacaq. Azərbaycan qlobal yaşıl gündəliyin həyata keçirilməsinə hansı töhfəni verə bilər və bu baxımdan Azərbaycanda yaşıl enerjinin inkişafı istiqamətində həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
- Azərbaycan həm quruda, həm də dənizdə layihələr üçün bərpaolunan enerji sektoruna əhəmiyyətli investor marağını cəlb edə bilib. “Masdar”ın Qaradağda Günəş Elektrik Stansiyası (regionda ən böyük) 2023-cü ilin oktyabrında fəaliyyətə başlayıb və şirkət həmçinin əlavə günəş və külək istehsalı üçün investisiya müqavilələri imzalayıb. Ölkə həmçinin elektrik enerjisi istehsalının enerji səmərəliliyini artırmağa çalışır.