İQTİSADİYYAT
Fiziki şəxslərin hansı əmlakları vergiyə cəlb edilir?
Bakı, 24 fevral, AZƏRTAC
Vergi Məcəlləsinə görə, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalar, su və hava nəqliyyatı vasitələri əmlak vergisinə cəlb edilir, sahibkar kimi isə əmlak vergisinə cəlb edilmir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzuya aydınlıq gətirən sərbəst auditor Altay Cəfərovun sözlərinə görə, fiziki şəxs binaları, eləcə də su, hava nəqliyyatını vergiödəyicisi kimi VÖEN altında aldığı halda da əmlak vergisini müəssisələr kimi hesablayıb ödəmir. Çünki Vergi Məcəlləsinin 197.1.3.-cü maddəsinə görə, sahibkarların əmlak vergisi hesablananda binalar, su və hava nəqliyyatı nəzərə alınmır. Belə ki, azadolma aktivlərə şamil edilir, yəni orada mülkiyyətin birbaşa fiziki şəxsə və ya sahibkar kimi vergiödəyicisinə aid edilməsi yazılmayıb: “Məcəllənin 197.4.3.-cü maddəsinə görə, sahibkarlıq fəaliyyətində istifadə edilməyən minik avtomobilləri əmlak vergisindən azaddır. Deməli, sahibkarlıq fəaliyyətində istifadə edilən minik avtomobillərinə görə əmlak vergisi hüquqi şəxslərdə olduğu kimi hesablanıb ödənilməlidir. Bununla yanaşı, şəxsi yük avtomobilləri sahibkarlıq üçün istifadə edildikdə müəssisələr kimi onlara da əmlak vergisi hesablanır”.
A.Cəfərov, həmçinin vurğulayıb ki, avadanlıqlar üçün Vergi Məcəlləsində xüsusi hallardan başqa, yəni müəyyən fəaliyyətdə istifadə edilənlərdən başqa ümumi azadolma və ya güzəşt nəzərdə tutulmayıb. Odur ki, ümumi səciyyəli avadanlıqlar da sahibkarlıq fəaliyyətində müəssisələr kimi əmlak vergisinə cəlb edilir.