Fizioterapevt: Əzələ spazması idmanla məşğul olan insanlarda daha çox müşahidə edilir
Bakı, 3 aprel, AZƏRTAC
Əzələ spazması sinirlər tərəfindən əzələlərə normadan artıq siqnalların ötürülməsi ilə ortaya çıxan problemdir. Bunun əsas səbəbi isə beyninin soyuq əzələ kütləsinə bəzi hərəkətləri anidən etməsinə olan tələbkarlığıdır. Normal halda əzələlərin müəyyən hərəkətləri icra edə bilməsi üçün əzələ yağ toxumasının isinməsi və lazımi qədər protein və digər vitaminləri depolaşdırması gərəkdir. Ən çox ayaqların ön və arxa tərəfində uyuşmalar ilə hiss edilən əzələ spazması, eyni zamanda əl, bel və qarın nahiyəsində görülə bilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin icraçı direktorunun müşaviri, fizioterapevt Pərvin Əkbərov məlumat verib.
Fizioterapevtin sözlərinə görə, əksər əzələ spazmaları zərərsiz olsa da, bəziləri əsas tibbi vəziyyətlə əlaqəli ola bilər: “Yetərsiz qan dövranı əsasən idmanla məşğul olan insanlarda müşahidə edilir və bu səbəbdən ayaqdakı qan axışının yetərsizliyi şiddətli əzələ spazması yaradır. Eyni zamanda yürüş edərkən, idman hərəkətləri yerinə yetirərkən və ya digər aktiv hərəkətlərlə məşğul olarkən əzələ sıxılması ilə qarşılaşmaq mümkündür. Onurğadakı sinirlərin sıxılması əzələ spazmının bir digər səbəbidir. Bu zaman ayaqlardakı ağrı şikayətləri uzun yürüş hallarında daha da ciddi formada hiss edilə bilər. Bədəndə mineral çatışmazlığı adətən uzun müddət pəhriz saxlayan insanlarda olur. Pəhriz menyusunda çox az kalium, kalsium, natrium və ya maqnezium qəbul etmək əzələ spazması yarada bilər. Yüksək təzyiq üçün təyin olunan dərmanlar da qanda bu mineralların sayını azaldır. Orqanizmin həddindən artıq su itirməsi əzələ sıxılmasına səbəb olur. Bir çox şəxslərdə idman sonrası yaranan ağrıların səbəbi də məhz elə bununla əlaqəlidir. Bədəni ayaqda tutan əzələlərin gərilməsinə səbəb olan piylənmə boyundakı əzələ spazmalarının başlıca risk faktorudur. Eyni zamanda şəkərli diabet, anemiya, zob, böyrək problemləri olan şəxslər də risk qrupuna daxildir. Onurğa, multipl skleroz, amiyotrofik skleroz kimi sinir sistemi xəstəlikləri çox zaman əzələ sıxılmaları ilə əlaqəli olur. Əzələ spazmaları ən çox müşahidə edilən risk qrupuna yaşlı insanlar daxildir. Onlar getdikcə əzələ kütləsini itirirlər, buna görə də qalan əzələ kütləsində əzələ spazmasının yaranması səbəbindən daha çox əziyyət çəkə bilərlər”, - deyə fizioterapevt bildirib.