Formula 1 Azərbaycan Qran-Prisində ilk dəfə “qrid uşaqları” çıxış edəcəklər
Bakı, 28 aprel, AZƏRTAC
Formula 1 şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul etdiyi yeni qərara əsasən, builki mövsümdən etibarən paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət edəcəklər.
AZƏRTAC xəbər verir ki, bu yenilikdə məqsəd yarışdan əvvəl keçirilən açılış mərasimini Formula 1 azarkeşləri, xüsusən də gənclər üçün daha maraqlı etməklə yanaşı, uşaqlar və yeniyetmələr arasında avtomobil idmanını təbliğ etməkdir. Bu təşəbbüsü ölkəmizdə Azərbaycan Avtomobil Federasiyası (AAF) ilə Formula 1 Azərbaycan Qran-Prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) birgə həyata keçirir. AAF və BŞH azyaşlıları bu nadir fürsətlə təmin etməklə, onlara yarışın müstəsna və ən həyəcanlı məqamının bir hissəsi olmaq imkanı yaradır.
“Gələcəyin ulduzları” Azərbaycan Avtomobil Federasiyası tərəfindən idman yarışlarında və təhsildə fərqlənən, həmçinin xüsusi istedada malik 7-10 yaşlılar arasından seçilib. İyirmi uşağın (10 qız və 10 oğlan) hər biri mərasim zamanı bir pilotun yanında yer alacaq. Azərbaycan Qran-Prisində iştirak edəcək “Gələcəyin ulduzları” üçün yarış həftəsonuna dair təlimlər keçirilib və aprelin 25-də görüş zamanı uşaqlara müvafiq tapşırıqlar verilib.