Fövqəladə hallar könüllüləri “İlin könüllüsü” mükafatı ilə təltif olunanlar sırasında yer alıb
Bakı, 14 dekabr, AZƏRTAC
İl ərzindəki fəal təşəbbüslərinə görə fərqlənən 100 könüllü arasında “Fövqəladə Hallar Könüllüsü” Proqramının iştirakçıları - Əzizə Əlizadə və Emin Ocaqverdiyev də yer alıb. Fövqəladə hallar könüllülərinə “İlin könüllüsü” mükafatı təqdim edilib.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, dekabrın 13-də Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan və ölkədə fəaliyyət göstərən 3 minə yaxın Azərbaycan könüllüsünü bir araya toplayan Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu keçirilib. Forumda 100 ən fəal könüllü “İlin könüllüsü” mükafatı ilə təltif olunub.
Qeyd edək ki, “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, ölkəmizdə və ölkə hüdudlarından kənarda fövqəladə hadisə nəticəsində zərərçəkmiş insanlara könüllülər tərəfindən zəruri yardım və dəstək göstərməkdən ötrü bu il iyulun 24-də “Fövqəladə Hallar Könüllüləri” proqramına start verilib.