Fövqəladə hallar zamanı uşaqların təhsil hüquqlarının qorunması barədə müzakirə aparılıb
Bakı, 17 mart, AZƏRTAC
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) təşkilatçılığı, Milli Məclisin Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə əməkdaşlığı ilə “Konflikt zonalarda və fövqəladə hallar zamanı uşaqların təhsil hüquqlarının qorunması haqda təşkil edilmiş açıq müzakirə” adlı hibrid formatda tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a RUGİM-dən məlumat verilib. Bildirilib ki, tədbirin keçirilməsində məqsəd uşaqların konflikt zonalarda və fövqəladə hallar zamanı təhsildən yayınması və baxımsızlığı ilə bağlı dövlət qurumları tərəfindən monitorinqlərin davam etdirilməsi, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik işin aparılması və bu yöndə maarifləndirməni genişləndirməkdir.
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə açılış nitqi ilə çıxış edərək müharibə dövründə bəzi regionların üzləşdiyi problemləri qeyd edib, təhsilin vacibliyindən danışıb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva konflikt və təbii fəlakətlər zonasında uşaq hüquqları sahəsində mövcud fəaliyyət, dünya praktikası barədə geniş məlumat verib, bu istiqamət üzrə Ombudsman Aparatının təcrübəsini bölüşüb.
Milli Məclisin Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin eksperti Aynur Veysəlova konflikt vəziyyətlərdə ən çox uşaq və qadınların əziyyət çəkdiyini deyib. Bildirib ki, konflikt ərəfəsində təhsil terapiya kimi təsir edir.
Bakı Dövlət Universitetinin müəllimi, beynəlxalq təlimçi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşı Fərid Seyfullayev çıxışı zamanı konflikt nəzəriyyəsinin konflikt zonalarında və təbii fəlakət zamanı təhsilə tətbiqi, uşaqların təhsilə yönəldilməsi imkanları və dünya praktikası haqqında məlumat verib.