Fransa Konstitusiya Şurası pensiya islahatını təsdiqlədikdən sonra etiraz aksiyaları yenidən başlayıb
Bakı, 15 aprel, AZƏRTAC
Cümə günü Fransa Konstitusiya Şurasının pensiya islahatlarının əsas müddəalarını təsdiq etməsindən sonra bir sıra şəhərlərdə etirazçılarla polis arasında toqquşmalar baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə BFM telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Bildirilib ki, Parisdə 4 minə yaxın insan etiraz aksiyasına çıxıb. Etirazçıların bəziləri meriya binasının qarşısına toplaşıb, yanğınlar törədiblər. Polis gözyaşardıcı qazdan istifadə edib.
Renn şəhərində nümayişçilər polis məntəqəsinə hücum edərək, giriş qapısını yandırıblar. Nantın mərkəzində tramvay relslərində də yanğın törədilib, prefektura binası yaxınlığında etirazçılar polislə toqquşub. Tuluza küçələrinə isə 2,3 minə yaxın etirazçı çıxıb. Dijon, Strasburq, Marsel və Lion şəhərlərində də nümayişlər keçirilir. Polis bu şəhərlərdə də gözyaşardıcı qazdan istifadə edir.