DÜNYA
Fransa Nigerdə uran mədəninə nəzarəti itirib
Paris, 4 dekabr, AZƏRTAC
Fransanın böyük uran şirkəti “Orano” Nigerdəki törəmə şirkətinə əməliyyat nəzarətini itirib. Belə ki, şirkətə nəzarət Niger səlahiyyətlilərinə keçib.
AZƏRTAC xəbər verir ki, bu haqda Niger telekanalları məlumat yayıb. Bildirilib ki, “Société des mines de l'Aïr” (Somaïr) şirkətinin 64,3 faizi “Orano”ya, 36,6 faizi isə Niger dövlətinə məxsus olub.
Ölkənin suverenliyini, xüsusilə də uran məsələsini prioritet hesab edən Niamey hakimiyyəti hələ iyun ayında “Orano”dan “Imouraren” meqa yatağı və onun 200 min ton qiymətləndirilən ehtiyatlarının əməliyyat icazəsini geri götürmüşdü. Oktyabrın sonunda Fransa tərəfi törəmə şirkətin işini davam etdirə bilməməsinə görə oktyabrın 31-dən etibarən istehsalını dayandırmaq niyyətində olduğunu bildirmişdi.
“Orano” mətbuata açıqlamasında bildirib ki, şirkətin idarə heyətinin iclasları zamanı qəbul edilən qərarlar artıq tətbiq olunmur və Niger səlahiyyətliləri əməliyyat nəzarətini ələ alıblar.
Bildirilir ki, noyabr ayında Nigerin mədən naziri Usman Abarşi rus şirkətlərini ölkənin təbii sərvətlərini kəşf və istismar etməyə dəvət olunduğunu vurğulayıb.
Xatırladaq ki, “Euratom” təchizat agentliyinin (ESA) məlumatına görə, Niger qlobal təbii uran istehsalının 4,7 faizini təmin edir.