FRANSA PARLAMENTİ TERRORİZMƏ GÖRƏ MƏSULİYYƏTİ SƏRTLƏŞDİRƏN QANUNU BƏYƏNMİŞDİR
Qanunda terror aktlarının hazırlanmasına və törədilməsinə görə, habelə bu cür əməli həyata keçirmiş şəxslərə köməyə görə daha sərt cəza tədbirləri nəzərdə tutulur. Teraktların sifarişçiləri üçün cəza müddəti 30 ilədək, icraçıları üçün 20 ilədək artırılacaqdır.
Eyni zamanda güc qurumları vətəndaşların telefon danışıqlarına və internet vasitəsilə yazışmalarına daha geniş nəzarət etmək imkanı alacaqlar. Əvvəlki qanunlar telefon nömrələri və telefonla danışıqların tarixi haqqında məlumatın saxlanılması tədbirlərini xeyli məhdudlaşdırırdı. İndi terrorçuların yazışmalar üçün tez-tez istifadə etdikləri internet-kafelər, habelə mobil rabitə şirkətləri həmin məlumatları il ərzində saxlamağa borcludurlar.
Qanunda ictimai nəqliyyatda, vağzallarda və hava limanlarında, habelə adamların kütləvi surətdə toplaşdıqları müxtəlif yerlərdə, o cümlədən mağazalarda, kinoteatrlarda, dini ayinlərin icra edildiyi yerlərdə videomüşahidə aparılması nəzərdə tutulur.
Terrorçuların hücumuna məruz qala biləcək sənaye obyektlərinin mühafizəsi tədbirləri gücləndirilmişdir.
Qanun Fransa vətəndaşlığı verilməsi haqqında xahişlərə baxılması müddətlərini uzadır və terrorizmin maliyyələşdirilməsində şübhəli bilinən şəxslərin bank hesablarının bağlanmasının mümkünlüyünü nəzərdə tutur.
Ayrıca bir paraqraf prefektlərə öz xuliqan davranışı ilə ad çıxarmış futbol azarkeşlərinin üç ay ərzində stadiona buraxılmasını qadağan etmək səlahiyyəti verir.