Fransa Parlamentinin Bakı Təşəbbüs Qrupuna qarşı qətnaməsi qətiyyətlə pislənilib VİDEO

Nyu-York, 15 aprel, AZƏRTAC
Aprelin 15-də BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupunun Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri ilə təşkil edilmiş "Dekolonizasiya: Sakit inqilab" konfransının iştirakçıları tədbirin sonunda yekun sənəd qəbul ediblər.
AZƏRTAC-ın məlumatına görə, sənəddə kolonializmin dünya miqyasında bərpası mümkün olmayan dərin yaralar vurduğu qeyd olunub, kolonial güclərin öz tarixi cinayətlərinə görə davamlı olaraq məsuliyyətə cəlb edilməkdən imtina etmələri qətiyyətlə pislənilib. Fransa və Niderland kimi dövlətlərin bu gün də öz kolonial siyasətlərindən əl çəkmədiyi vurğulanıb, onların Qvadelupa, Martinika, Fransız Qvianası, Reyunyon, Mayot, Boneyra, Sen Martin və digər əraziləri əsarət altında saxlamaqda davam etdikləri qeyd edilib. Müstəmləkəçilik cinayətlərinin bəşəriyyətə qarşı cinayət olduğu vurğulanaraq, müstəmləkə rejimlərinin törətdikləri cinayətlərə görə ləyaqətli təzminat ödəməli olduqları qeyd edilib. Əks təqdirdə onlara qarşı beynəlxalq sanksiyaların qəbul edilməsinə dair çağırış edilib.
Bundan əlavə, sənəddə Bakı Təşəbbüs Qrupu kimi QHT-lərə beynəlxalq hüquq çərçivəsində kolonializmin ifşa edilməsi istiqamətində apardıqları fəaliyyətə dəstək ifadə edilmiş, martın 28-də Fransanın Milli Assambleyasında (Parlamentin Aşağı Palatası) Bakı Təşəbbüs Qrupuna qarşı qəbul edilmiş qətnaməsi qətiyyətlə pislənilib.
Sonda tədbir iştirakçıları BTQ-yə tədbirin təşkilinə görə təşəkkür ediblər.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York