SİYASƏT
Fransa Senatının qətnaməsi erməni diaspor fəallarının senatorlara ünvanladığı məktubların toplusudur ŞƏRH
![Fransa Senatının qətnaməsi erməni diaspor fəallarının senatorlara ünvanladığı məktubların toplusudur ŞƏRH](/files/2024/1/1200x630/1705583303664450302_1200x630.jpg)
Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi bir günlük lokal xarakterli antiterror tədbirlərindən artıq dörd ay ötür. Qarabağdan könüllü şəkildə gedən ermənilərin əhəmiyyətli bir hissəsi isə artıq Ermənistanı tərk edib. Çünki həmin ermənilərin Ermənistan vətəndaşı olmalarına baxmayaraq, onlar orada özlərini yad hiss edirlər. Bu baxımdan Ermənistanda gedən müzakirələr artıq Qarabağın etnik erməni sakinləri ilə bağlı deyil, daxili siyasi böhranla əlaqəlidir. Bütün bunların fonunda Fransa Senatının Qarabağla bağlı yeni qətnaməsi qərəzli və əsassız görünür.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.
O deyib: “Fransa Senatının qətnaməsi Ermənistana hər hansı bir şəkildə kömək edirmi? Qətiyyən yox. Bu qətnamənin heç bir praktiki əhəmiyyəti olmayacaq və sənədin hüquqi əsası yoxdur. Amma bu qətnamə Fransa ilə Azərbaycan arasında onsuz da pis olan münasibətlərə daha bir zərbə vuracaq”.
Deputatın sözlərinə görə, qətnamənin mətninə nəzər salanda aydın görünür ki, sənəd erməni diaspor fəallarının senatorlara ünvanladığı məktubların toplusudur. Qətnamədə faktlara istinad olunmadan, beynəlxalq hüququn norma və prinsiplərinə açıq şəkildə hörmətsizlik nümayiş etdirilir. Məsələn, mətndə Azərbaycan və “müttəfiqləri” tərəfindən Ermənistan ərazisindən qoşunların çıxarılması kimi cəfəng tələblər də yer alır. Bəyanatda, bundan əlavə, Türkiyənin adı bir neçə dəfə yersiz olaraq çəkilir. Bu cəfəng bəyanatlardan ibarət qətnamənin Qarabağda baş verənlərlə əlaqəsi azdır, əsas məqsəd isə başqadır. Fransız siyasi elitası bu yolla həm də Azərbaycanı “vurmaq” istəyir. Çünki bölgədə fransız casus şəbəkəsinin ifşa edilməsi də daxil olmaqla, ölkəmizin Fransanın regiona “soxulmaq” cəhdlərinin qarşısını alması son proseslərin əsas məqsədini təşkil edir.
“Görünür ki, son aylar Azərbaycan-Ermənistan şərti sərhədində tam sakitliyin hökm sürməsi və heç bir münaqişəli halın baş verməməsi rəsmi Parisi narahat edir. Fransa müxtəlif vasitələrlə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində görülən işlərə maneçilik törətməyə çalışır. Həmçinin Fransa Ermənistana silah-sursat satmaqla onun Azərbaycanla münasibətlərinin normallaşmasına zərbə vurur, oradakı revanşist qüvvələri yeni müharibəyə həvəsləndirir. Amma bütün bunlar heç bir nəticə verməyəcək və mövcud reallığı dəyişməyəcək. Bir şey aydındır ki, böyük ölkələri nə qədər qıcıqlandırsa da, Azərbaycana artıq Qarabağla bağlı təzyiq etməyin heç bir mənası yoxdur. Ermənistan da bunu nə qədər tez anlasa, bir o qədər yaxşıdır”, - deyə N.Arpadarai vurğulayıb.