Fransada Azərbaycan jurnalistlərinə hücum edənlər ciddi cəzalandırılmalıdır
Tbilisi, 29 iyun, AZƏRTAC
Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları Fransada öz peşə fəaliyyətlərini yerinə yetirərkən naməlum şəxslər tərəfindən hücuma məruz qalıblar. Bu birmənalı olaraq insan hüquq və azadlıqlarının pozulması ilə yanaşı, azad mətbuata, söz azadlığına qarşı zorakılıq əlamətidir. Mən bir jurnalist olaraq bu cür hərəkətləri qətiyyətlə pisləyirəm və hesab edirəm ki, bütün demokratik qüvvələr və media nümayəndələri bunu qətiyyətlə pisləməlidirlər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq, ART Qaleri Televiziyasının direktoru Tengiz Txilava söyləyib.
Onun sözlərinə görə, bu cür hərəkətlərə heç cür haqq qazandırmaq olmaz. Bu cür zorakılıq heç bir halda yolverilməzdir və onun təşkilatçıları və icraçıları müəyyən edilərək cəzalandırılmalıdır.
O deyib: “Sübut olmadan heç nə iddia edə bilmərik, amma məntiqlə düşünə bilərik ki, fransızların ümumən azərbaycanlılarla, xüsusən də azərbaycanlı jurnalistlərlə ortaq heç bir problemi yoxdur. Ancaq biz bilirik ki, Fransada radikal elementləri həm Azərbaycanın rəsmi nümayəndəliklərinə, həm də onun ayrı-ayrı vətəndaşlarına qarşı tez-tez təxribat və zorakılıq aktları həyata keçirən böyük bir erməni diasporu var. Bu vəziyyətdə hadisələrin haradan qaynaqlandığı ehtimalı yüksəkdir.
Hər bir halda, əminəm ki, Azərbaycan rəhbərliyi Fransa hakimiyyətindən bu işin lazımi şəkildə araşdırılmasını, günahkarların müəyyən edilərək cəzalandırılmasını tələb edəcək və buna nail olacaq”, - deyə Tengiz Txilava vurğulayıb.
Tbilisi