SİYASƏT
Fransada azərbaycanlılar Ermənistanın ölkəmizə qarşı hərbi təxribatı ilə bağlı küçələrə afişalar yapışdırıblar
Paris, 2 oktyabr, AZƏRTAC
“Ermənistan Dağlıq Qarabağda təcavüzü DAYANDIR!”, “Dağlıq Qarabağ Azərbaycanındır!”, “İşğal olunmuş əraziləri azad edin!”, “Fransa, BMT sizin fəaliyyətsizliyiniz öldürür!”.
AZƏRTAC xəbər verir ki, bu şüarlar Fransadakı azərbaycanlıların oktyabrın 1-də Paris və Nant şəhərlərində yaydığı afişalarda əks olunub.
Bildirilib ki, oktyabrın 2-də Fransanın digər şəhərlərində də erməni təcavüzünü əks etdirən belə afişalar yayımlanacaqdır.
Ermənistan Azərbaycana qarşı hərbi təxribatlara başlayandan Fransadakı soydaşlarımız Dağlıq Qarabağla bağlı həqiqətləri yerli ictimaiyyətə çatdırırlar. Soydaşlarımız birlikdə qruplar yaradaraq Azərbaycanla bağlı məlumatların yayılmasında fəal rol oynayır və sosial şəbəkələr vasitəsilə Fransada ölkəmizlə bağlı yayılan dezinformasiyalara cavab verirlər.
Seçkilərə görə erməni seçicilərinin əlində oyuncaq olan fransız siyasətçilərinin münaqişə ilə bağlı yanlış paylaşımları cavablandırılır.
Fransa dövlət və hökumət rəhbərlərinə məktublar göndərərək, onları beynəlxalq hüquqa riayət etməyə və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsinin həyata keçirilməsinə dair çağırışlar ediblər.
Xatırladaq ki, dünyada ən böyük erməni lobbisi Fransadadır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris