Fransanın Cənubi Qafqazda həyata keçirdiyi siyasət mövcud problemlərin dərinləşməsinə xidmət edir
Bakı, 18 fevral, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makron 59-cu Münxen Təhlükəsizlik Konfransında etdiyi çıxışda ölkəsinin dünya nizamı, qlobal və regional təhlükəsizlik, Rusiyanın Ukraynaya hücumu ilə bağlı fikirlərini ifadə edib. Çıxışdan aydın olur ki, E.Makron Birləşmiş Millətlər Təşkilatı (BMT) strukturlarında, daha dəqiq desək Təhlükəsizlik Şurasında (TŞ) da islahatların, qaydaların dəyişdirilməsinin tərəfdarıdır. Belə demək mümkündürsə, BMT TŞ-nın mövcud formatı Fransanı qane etmir. E.Makron çıxışında həm də onu qeyd etdi ki, iyunda Parisdə yeni dünya düzəninin formalaşdırılması ilə bağlı konfrans təşkil ediləcək. Hesab edirəm ki, Fransanın belə bir konfransa ev sahibliyi etməkdə məqsədi həm də mövcud geosiyasi proseslərdə öz rolunu artırmaq istəyindən irəli gəlir. Eyni zamanda, bu təşəbbüsü irəli sürməklə Fransa yeni dünya nizamının formalaşması prosesində əsas güc mərkəzlərindən biri olduğunu nümayiş etdirmək niyyətindədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli söyləyib.
Ekspert qeyd edib ki, E.Makron məruzəsində Avropanın müdafiə potensialının artırılmasının zəruriliyi ilə bağlı da fikirlər səsləndirib. Əslində, Avropanın müdafiə potensialı ilə bağlı E.Makronun səsləndirdiyi fikirlər yeni deyil və Fransanın son illərdə həyata keçirdiyi xarici siyasətin prioritetlərindən birini təşkil edir.
M.Məmmədlinin fikrincə, Fransanın Avropanın müdafiə potensialının artırılması ilə bağlı mövqeyinin arxasında dayanan əsas geostrateji hədəf ondan ibarətdir ki, “Köhnə qitə” Parisin dominantlığında müstəqil aktora çevrilsin və tədricən ABŞ-ın hərbi-siyasi “çətir”indən uzaqlaşsın. Fransa Prezidentinin çıxışında diqqəti cəlb edən məqamlardan biri də Rusiya ilə bağlı fikirlərdir.
“E.Makron Rusiyanı Ukraynada apardığı müharibəyə görə təcavüzkar dövlət adlandırıb və bəyan edib ki, rəsmi Moskvanın siyasəti dünyada nizamsızlıq yaradır. O bildirdi ki, Rusiya Ukraynada apardığı işğalçı müharibəyə son qoymalı və bütövlükdə imperiya ambisiyalarından imtina etməlidir. Hesab edirəm ki, Fransa Prezidentinin Rusiya ilə bağlı sərt fikirləri yalnız universal dəyərlərdən və yaxud beynəlxalq hüququn normalarının qorunmasının qayğısına qalmaqdan irəli gəlmir, həm də yeni dünya düzənində Rusiyanı əsas güc mərkəzlərindən biri olmaq imkanından məhrum etmək istəyini ifadə edir. E.Makron çıxışında onu da bəyan etdi ki, Qafqazın problemlərinin həllində neokolonial siyasət həyata keçirən Rusiyaya etibar etmək olmaz və bu səbəbdən də o, dostu baş nazir N.Paşinyanın yanında dayanmağa davam edəcək. O, bu fikirlərlə, əslində ölkəsini Ermənistanın yeni hamisi rolunda təqdim edir və Rusiyanı Cənubi Qafqazdan kənarlaşdırmaq istəyini bildirir. Maraqlıdır ki, Rusiyanı neokolonial siyasətdə ittiham edən E.Makron özü də son illərdə Cənubi Qafqazda və dünyanın müxtəlif regionlarında neoimperial siyasət həyata keçirir və bu siyasətini də müxtəlif adlarla pərdələməyə çalışır. Təəssüf ki, Fransanın, xüsusilə son iki ildə Cənubi Qafqazda həyata keçirdiyi neoimperial siyasət Ermənistan-Azərbaycan arasında problemlərin həllinə deyil, daha da dərinləşməsinə xidmət edir. Nəticədə isə Ermənistan bu siyasətin həyata keçməsində növbəti dəfə maşa, alət rolunda çıxış edir”, - deyə ekspert vurğulayıb.