Fransanın paytaxtında havanın çirklənmə səviyyəsi təhlükəli həddə çatmışdır
Bakı, 11 mart (AZƏRTAC). Fransa ekoloqlarının fikrincə, paytaxt Parisdə havanın çirklənməsi normadan artıqdır və bu göstərici həftə ərzində artacaqdır. İl-de-Frans regionunda havanın təmizliyinə nəzarət edən “Airparif” assosiasiyasının hesabatına görə, həftənin əvvəlində çirklənmə elə bir həddə gəlib çata bilər ki, hakimiyyət orqanları qanuna müvafiq olaraq sakinlərin sağlamlığına təhlükə olması barədə onlara xəbərdarlıq etmək məcburiyyətində qalarlar.
Fransa ekoloqları havanın keyfiyyətinin kəskin pisləşdiyini hələ martın 3-də qeydə almışlar. Martın 7-də ilk dəfə böhranlı səviyyə qeydə alınmışdır. Martın 9-da külək və yollarda maşınların az olması səbəbindən vəziyyət bir qədər yaxşılaşmışdır.
Tədqiqatçıların fikrincə, həftənin əvvəlində Parisin küçələrində və ətraf avtomobil yollarında hərgünkü tıxaclar başlayanda fenomen güclənməyə başlayacaqdır.
Hava şəraiti də az rol oynamır: son vaxtlar Fransada mülayim günəşli hava hökm sürür. Sinoptiklərin məlumatına görə, martın 9-da temperatur normadan 10 dərəcə artıq olmuşdur.
Hesabata görə, kükürd-2-oksid (SO2), azot-2-oksid (NO2) və diametri azı 10 mikrometr “P10” hissəcikləri əsas çirkləndiricilərdir.
Atmosferdə həmin hissəciklərin miqdarı havanın hər kubmetrində 50 mikroqram səviyyəsindədir, halbuki böhranlı hədd havanın hər kubmetrində 80 mikroqram səviyyəsindədir.
Regionun hakimiyyət orqanları ekoloqların xəbərdarlığına cavab olaraq sakinlərə müraciət edərək onları intensiv fiziki işlərdən çəkinməyə, tənəffüslə və ya ürək fəaliyyəti ilə bağlı problemlər yaransa, dərhal həkimə müraciət etməyə çağırmışlar.
Sürücülərə şəxsi avtomobildən imtina edib ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunmuşdur.